“Nar Mobile” şirkəti Bakı-2015 Avropa Oyunlarının könüllülük proqramına dəstək verəcək

“Nar Mobile” şirkəti Bakı-2015 Avropa Oyunlarının könüllülük proqramına dəstək verəcək


"Nar Mobile” şirkəti Bakı-2015 Avropa Oyunlarının könüllülük proqramını dəstəkləyir. Şirkət Bakı-2015-in rəsmi rabitə tərəfdaşı olmaqla yanaşı, könüllülük proqramı ilə bağlı bir çox layihələr də həyata keçirəcək”. Bu sözləri oktyabrın 15-də "Marriot Absheron Baku” mehmanxanasında təşkil olunan mətbuat konfransında "Nar Mobile” şirkətinin baş icraçı direktoru Kent Maknili deyib.
O bildirib ki, şirkətin əhatə etdiyi 140 mağazada bu proqramla bağlı təbliğat materialları paylanacaq. Həmçinin birinci Avropa Oyunlarında könüllü kimi iştirak edəcək hər kəsə 300 dəqiqə danışıq vaxtı, 300 SMS və 300 meqabayt internet trafiki olan sim kart təqdim olunacaq. Təşkilat Komitəsi ilə birbaşa əlaqə yaratmaq üçün xüsusi proqram təminatının yaradılacağını diqqətə çatdıran K.Maknili könüllülük haqqında qısametrajlı filmin çəkilişinin və sosial şəbəkələrdə geniş təbliğat kampaniyasının aparılmasının nəzərdə tutulduğunu vurğulayıb.
Bakı-2015 Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, qarşımızda 12 min könüllünün seçilməsi kimi böyük vəzifə durur. Dünyada keçirilən bütün beynəlxalq idman yarışlarında könüllülər önəmli rol oynayırlar. Onların sərf etdikləri vaxt, enerji və öhdəlik olmadan belə bir oyunları həyata keçirmək çox çətindir. İdmançılar və tamaşaçılar üçün könüllülər ilk Avropa Oyunlarının ictimai siması olacaqlar. Könüllülük bu əlamətdar və tarixi idman tədbirində mühüm rol oynamaq üçün gözəl şansdır.
S.Kleq könüllülərin təkcə gənclərdən təşkil olunmayacağını diqqətə çatdırıb. O, London Olimpiadasında könüllü kimi çıxış edən 77 yaşlı britaniyalı qadının Bakı-2015-in bu proqramına müraciət etdiyini vurğulayıb. Hazırda on mindən artıq ərizənin qəbul olunduğunu bildirən Bakı-2015 rəsmisi bu prosesin davam etdiyini xatırladıb.
Sonra könüllüklə bağlı videoçarx nümayiş olunub, jurnalistlərin sualları cavablandırılıb.