Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov BMT Baş Məclisində "İnkişaf və sülh naminə idman” mövzusunda çıxış edib.
Bakı-2015 ilk Avropa Oyunları barədə danışan A.Rəhimov deyib ki, 17 gün ərzində davam edəcək mötəbər tədbirdə Avropadan olan 6 mindən çox idmançı 20 idman növündə sülh, ədalət, dostluq və birlik prinsipləri əsasında yarışacaq. Avropa Oyunlarına hazırlaşmaq üçün iki ildən bir az çox vaxt ayrılmasına baxmayaraq, Azərbaycan bu Oyunları ən yüksək səviyyədə keçirmək əzmindədir.
Nazir Bakı-2015 birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlərdən danışıb, Oyunların keçirilməsi üçün tikilən yeni idman obyektləri barədə məlumat verib.
A.Rəhimov deyib: "Orta yaşı 30,1 olan ölkə əhalisinin böyük hissəsini gənclər təşkil edir. Əhalinin 40 faizi 24 yaş həddindədir. Təkcə son 10 il ərzində ölkə ərazisində dünya standartlarına cavab verən 50-dən çox idman obyekti inşa etmişik. Vətəndaşlarımız üçün tamamilə ödənişsiz olan bu infrastruktur əhalimizin idman obyektlərindən daha geniş istifadəsini təmin edir.
Sonra Baş Məclisin qərargahında Bakı-2015 Avropa Oyunlarına həsr olunmuş rəsmi qəbul təşkil edilib.
Qəbulda A.Rəhimov 2015-ci ilin iyununda Bakıda keçiriləcək Avropa Oyunları haqqında əsas faktlardan və Azərbaycanın dünya idmanına verdiyi töhfələrdən danışıb: "Azərbaycan dünyada idman dövləti kimi tanınır. Ölkəmiz böyük tədbirlərə ev sahibliyi etməklə mühüm təcrübə qazanıb”.