Bakı-2015 Avropa Oyunları Rio-2016 Olimpiadasına lisenziya verəcək

Bakı-2015 Avropa Oyunları Rio-2016 Olimpiadasına lisenziya verəcək


Bakı-2015 ilk Avropa Oyunları idmanın 11 növü üzrə Rio-de-Janeyro-2016 Olimpiadasına lisenziya verəcək. Lisenziyanın verilməsi yarışlara birbaşa vəsiqə qazanmaq, mərhələli və reytinq xalları üzrə mümkün olacaq.
Bu barədə Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari və əməliyyat komitəsinin idman şöbəsinin direktoru Pirs Okallahan oktyabrın 21-də keçirilən mətbuat konfransında deyiblər.
KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, Oyunlarda 6 mindən çox idmançı 16-sı Olimpiya, 4-ü qeyri-Olimpiya olmaqla idmanın 20 növü üzrə mübarizə aparacaq. Azərbaycan idmançıları bütün növlər üzrə yarışlarda birbaşa təmsil olunacaqlar. Qeyri-Olimpiya növlərinə sambo, karate, çimərlik futbolu və hər komandada üç nəfərin oynadığı basketbol daxildir. On yeddi gün ərzində 18 idman obyektində keçiriləcək Oyunlarda 253 medal sahibini tapacaq.
Qeyd olunub ki, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək tay Olimpiya oyunlarına lisenziya qazandıracaq idman növlərinə oxatma, yüngül atletika, voleybol və çimərlik voleybolu, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş daxildir.
Lisenziyalar oxatma, velosiped idmanı, taekvondo, voleybol və çimərlik voleybolu üzrə mərhələli, atıcılıq, stolüstü tennis, triatlon üzrə birbaşa, yüngül atletika və üzgüçülük üzrə isə beynəlxalq federasiyanın təsnifat standartları əsasında veriləcək. Bakı-2015 Avropa Oyunlarına qatılacaq milli komandalar boks və güləş idmanı növlərində Rio-de-Janeyro-2016 Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına vəsiqə qazanmaq uğrunda yarışacaqlar.
Qeyd edək ki, güləş üzrə lisenziya xarakterli dünya çempionatı gələn ilin sentyabrında Las-Veqasda (ABŞ), boks üzrə mundial isə 2015-ci ilin oktyabrında Qətərdə keçiriləcək.