Məktəb şagirdlərini gələn ilin yayında keçiriləcək ilk Avropa Oyunları haqqında məlumatlandırmaq və maarifləndirmək məqsədilə Bakı-2015 Avropa Oyunları oktyabrın 24-də Azərbaycan məktəbləri arasında "Avropa Oyunları hər kəs üçün” adlı ümummilli tura başlayıb.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) bir qrup işçisindən ibarət komanda növbəti səkkiz ay ərzində ölkənin 57 rayonuna səfər edərək bir sıra təqdimatlar, mühazirələr və idman nümayişləri keçirəcək.
Bakı-2015 komandası 500-dən çox məktəbə gedərək 14-17 yaş arasında ölkə gəncləri arasında Azərbaycanda indiyədək keçiriləcək ən böyük idman yarışları barədə ətraflı məlumatlandırma işi aparmaqla onları yarışlara həvəsləndirməyi planlaşdırır.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq deyib: "Birinci Avropa Oyunlarının özündən sonra qoyacağı uzunmüddətli irsin bir hissəsi Azərbaycanın ilk inkişaf mərhələsini yaşayan idmançılarının həvəsləndirilməsindən ibarətdir. Bakı-2015 mesajını ölkədə yaymaqla, rayon məktəbləri turu təşkilatçı şəhərdə insanlarda yaranmış həyəcanı ölkənin rayonlarında da paylaşılmasına kömək edəcək. Bütün Azərbaycan Bakı-2015-in əldə etdiyi nailiyyətlər ilə fəxr edəcək, ona görə də, ölkə gənclərinin Avropa Oyunları barədə ətraflı məlumatlandırılmasına və maarifləndirilməsinə köməklik göstərməyimiz vacibdir”.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Korporativ direktoru Elçin Səfərov deyib: Bakı-2015 Avropa Oyunları Azərbaycanın tarixində çox mühüm məqamdır və biz Oyunlarla bağlı yaşadığımız həyəcan hissini və əldə etdiyimiz irəliləyişlərə dair xəbərləri ölkənin bütün rayonları ilə paylaşmaq istəyirik.
Gənclərimiz ilk dəfə olaraq dünya səviyyəli idman obyektlərində keçiriləcək elit idman yarışlarını izləmək imkanı əldə edəcəklər. Biz onların Avropa Oyunları haqqında məlumatlandırılmaları və Oyunlarla bağlı istənilən informasiyanı asanlıqla əldə etmələrindən əmin olmaq istəyirik”.