Oktyabrın 29-da Bakı- 2015 Avropa Oyunlarının baş ofisində Serbiyanın gənclər və idman naziri Vanja Udovicic ilə görüş keçirilib.
Qeyd edək ki, cənab Udovicic Azərbaycana Gənclər Siyasəti üzrə Qlobal Forumda iştirak etmək məqsədilə səfər edib. O, gələn il keçiriləcək ilk Avropa Oyunlarının hazırlıqları ilə bağlı ən son yeniliklər barəsində məlumatlandırılıb.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib ki, Serbiya ilk Avropa Oyunlarına ən güclü idmançılardan ibarət komanda göndərəcək. Serbiyanın gənclər və idman naziri görüş zamanı deyib: "Mən Bakı-2015-in baş ofisinə və bəzi yarış obyektlərinə səfər etməkdən çox məmnun qaldım. Bu səfər, eyni zamanda, gələn il keçiriləcək Avropa Oyunlarının baş tutması üçün çalışan Bakı - 2015 komandasının serbiyalı üzvləri ilə də görüşmək üçün gözəl fürsət oldu.
Serbiyalı idmançılar Avropa Oyunlarının mühüm hadisə olduğundan xəbərdardırlar. Onlar ölkəmizi burada, Bakı şəhərində təmsil etmək üçün səbirsizliklə gözləyirlər”.
Məlumat üçün bildirək ki, Vanja Udovicic ölkəsinin ən istedadlı su polosu oyunçularından biri olub. O, 2004-cü ildə Afina Olimpiya Oyunlarında gümüş, Pekin-2008 və London-2012 Olimpiya Oyunlarında bürünc medal qazanıb.