Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvlərinin iştirakı ilə güləş idman növünün təqdimatı keçirilib. İdmançılar 500-ə yaxın işçi heyətinin qarşısında bacarıqlarını göstəriblər.
Əvvəlcə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq çıxış edərək Azərbaycan Güləş Federasiyasına minnətdarlığını bildirib. O, güləş idman növünün ölkəmizdə sürətlə inkişaf etdiyini vurğulayıb.
AGF-in baş katibi Əjdər Cəfərov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və güləşçilərimizin beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat verib. Natiq hər il güləşçilərimizin mötəbər beynəlxalq turnirlərdə Azərbaycanı layiqincə təmsil etdiklərini, üçrəngli bayrağımızı dalğalandırdıqlarını vurğulayıb. Ə.Cəfərov daha sonra güləşin tarixi, inkişaf mərhələləri və qaydaları haqda məlumat verib.
Yeniyetmə idmançılar müxtəlif fəndlər nümayiş etdiriblər. Tədbir iştirakçıları bu il Özbəkistanda təşkil olunan dünya çempionatı və güləşçilərimizin London-2012 Olimpiya Oyunlarındakı çıxışından bəhs edən videoçarxa baxıblar. Sonra tədbirə toplaşan işçi heyəti arasında "Kim güləşçi olmaq istəyir?” müsabiqəsi keçirilib və müsabiqənin qaliblərinə Azərbaycan Güləş Federasiyasının adından hədiyyələr təqdim edilib.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvlərinin iştirakı ilə güləş idman növünün təqdimatından sonra Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov media nümayəndələrinin suallarını cavablandırıb: "Gördüyünüz kimi, tədbirimiz çox maraqlı keçdi. Güləş ölkəmizdə ən çox sevilən idman növlərindən biridir. Güləşin daha da populyarlaşması üçün biz də federasiya olaraq, əlimizdən gələni edirik. İdmançılarımız beynəlxalq arenalarda yüksək səviyyədə çıxış edirlər, ölkəmizin himnini səsləndirirlər. Əlbəttə, bütün bunlar dövlətimizin diqqət və qayğısı nəticəsində mümkün olur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası bu gün ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan dünyada, həmçinin idman ölkəsi kimi tanınır. Məhz cənab Prezidentin diqqət və qayğısı idmançılarımızı yeni-yeni uğurlar qazanmağa ruhlandırır. Qarşıda bizi həqiqətən də möhtəşəm bir yarış gözləyir. Birinci Avropa Oyunlarının məhz paytaxtımızda keçirilməsi böyük bir hadisədir. Biz də güləş federasiyası olaraq, yarışlara böyük məsuliyyətlə hazırlaşırıq. Federasiya prezidenti Fazil Məmmədovun göstərişi əsasında Bakı-2015 Avropa Oyunları ilə bağlı müvafiq proqram hazırlanıb. Əminəm ki, güləşçilərimiz onlara göstərilən diqqət sayəsində bundan sonra da yüksək nəricələr əldə edəcək və xalqımızı sevindirəcəklər”.
Qeyd edək ki, gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarında güləş yarışları Heydər Əliyev adına arenada təşkil olunacaq və 6 gün davam edəcək. Burada 480 güləşçi 24 dəst medal uğrunda mübarizə aparacaq.