Bakı-2015 Avropa Oyunlarında Rusiya komandasının iştirakı ilə bağlı tədbirlər planı hazırlanıb
Moskvada Rusiya Olimpiya Komitəsi (ROK) İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda 2015-ci ilin iyun ayında Bakı şəhərində keçiriləcək Birinci Avropa Oyunlarında Rusiya Olimpiya komandasının formalaşması və onun Oyunlarda iştirakının təmin edilməsi üzrə əsas təşkilati-texniki tədbirlərin plan-qrafiki bəyənilib.
Birinci Avropa Oyunlarında 20 sahədə 31 idman növü üzrə 253 dəst medal uğrunda mübarizə gedəcək. Rusiya komandasının tərkibində 300 idmançının iştirak etməsi nəzərdə tutulur.
Oyunların proqramına daxil edilmiş 9 idman növü üzrə yarışlar 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarına seçmə yarışlar olacaq. Velosiped idmanı, kamandan ox atma, taekvondo və çimərlik voleybolunda göstərilən nəticələr reytinq xalları kimi hesablanacaq. Yüngül atletika və üzgüçülükdə ixtisas normativləri daxili milli seçim üçün nəzərə alınacaq. Kişilər və qadınlar arasında atıcılıq, stolüstü tennis və triatlon üzrə şəxsi turnirlərin qalibləri öz komandalarına Olimpiya lisenziyaları qazandıracaqlar. Bakı şəhərində keçiriləcək Birinci Avropa Oyunlarının işıqlandırılması üçün akkreditasiya prosesi bu il dekabrın 12-də başlanacaq və 2015-ci il martın 6-da başa çatacaq.