“Bakı-2015” və Fransanın “L’Equipe 21” TV kanalı arasında müqavilə imzalanıb

“Bakı-2015” və Fransanın “L’Equipe 21” TV kanalı arasında müqavilə imzalanıb



Noyabrın 4-də "Bakı-2015” ilk Avropa Oyunları ilə Fransanın "L’Equipe 21” televiziya kanalı arasında yayım haqqında saziş imzalanıb.
Bakı-2015 -dən olimpnews.az-a verilən xəbərə görə, ilk Avropa Oyunları "L’Equipe 21” kanalı, eyni zamanda, onun veb-saytı və mobil platformaları vasitəsilə Fransada birbaşa yayımlanacaq. Telekanal Bakı-2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin birbaşa yayımını həyata keçirəcək. Eyni zamanda, yarışlardan hər gün 5 saatlıq birbaşa nümayiş və gündəlik ən maraqlı məqamların axşam yayımını təmin edəcək.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Bu müqavilə qitənin hər yerində azarkeşlərin öz ölkələrinin idmançılarının çıxışlarını izləyə bilmələrinə imkan yaradacaq. Biz Avropanın ən böyük dövlətlərindən biri olan Fransanın Bakı-2015 Oyunlarına təqribən 250 idmançıdan ibarət güclü komanda göndərəcəyini gözləyirik. Fransadakı idman azarkeşlərinin evlərində oturub bütün yarışları izləyəcəklərini bilmək çox xoşdur. "L’Equipe 21” idman kanalıdır. Kanalın Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək elit idmançıları, eləcə də yarışları yüksək keyfiyyətlə nümayiş etdirəcəyinə inanırıq”.
Bakı-2015 Avropa Oyunları beynəlxalq idman təqviminə mühüm hadisə kimi yazılacaq. Bu baxımdan birinci Avropa Oyunlarının Fransada yayımlanmasına görə məsuliyyət daşıdığımız üçün çox şadıq. Bir idman tədbiri kimi bu, Oyunlara dünyanın hər yerində böyük maraq oyadacaq. Fəxr edirik ki, Oyunların Fransadakı bütün tamaşaçılar üçün canlı yayımlanmasına öz töhfəmizi verə biləcəyik”, - deyə "L’Equipe 21” televiziya kanalının baş meneceri Xavyer Spender bildirib:
Natiq "L’Equipe 21” kanalının, həmçinin Bakı-2015 Avropa Oyunlarının başlanmasına 100 gün qalması ilə bağlı xüsusi proqram yayımlayacağını və Fransa Milli Olimpiya Komitəsinin nəşri olan "Esprit Bleu” da Avropa Oyunlarına hazırlaşan idmançılar barədə həftəlik hesabat təqdim edəcəyini də qeyd edib.
Fransa Milli Olimpiya Komitəsinin prezidenti Denis Messeqliya isə məsələyə belə münasibət bildirib: "2012-ci ildən media tərəfdaşımız olan "L’Equipe 21” kanalı ilə Bakı-2015 arasında azarkeşlərimizin birinci Avropa Oyunlarını birbaşa izləmələrinə imkan yaradacaq sazişin imzalanmasından çox məmnunuq. Bakı-2015 Avropa Oyunlarında yarışmaq üçün güclü komanda göndərəcəyik. Komandanın göstərəcəyi cəhdləri və əldə edəcəyi nailiyyətləri Fransadakı azarkeşlərin birbaşa izləyə bilməsi yaxşı haldır”.
Qeyd edək ki, 1998-ci ildən fəaliyyət göstərən və Fransa Milli Olimpiya Komitəsinin rəsmi yayım tərəfdaşı olan "L’Equipe 21” kanalı idman yarışlarının birbaşa yayımı ilə məşğuldur.