Oktyabrın 31-də Bakı-2015 ilk Avropa Oyunlarının 1000-ci əməkdaşı işə götürülüb.
"Aysel Axundova yadda qalan işçi olacaq, çünki o, Avropa Oyunları Akademiyasının məzun proqramının üzvü kimi mətbuat əməliyyatları komandasına qoşulub”, - deyən Bakı-2015-in baş icraçı direktoru, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov birinci Avropa Oyunlarına doğru gedən yola qoşulduğu üçün A.Axundovanı təbrik edib. Nazir deyib: "Böyük bir komandanın qurulması üçün yüksək təcrübəyə malik beynəlxalq işçi heyəti ilə mükəmməl yerli biliklərə sahib azərbaycanlı əməkdaşlar bir araya gəlib. Əminəm ki, komandamızın malik olduğu bilik və təcrübə bütün Azərbaycanın və Avropanın fəxr edəcəyi möhtəşəm yarışların keçirilməsini təmin edəcək”.
Bakı-2015 komandasına qoşulduğu üçün fəxr etdiyini bildirən A.Axundova birinci Avropa Oyunları ilə bağlı hazırlıq işlərinə qatılmağı səbirsizliklə gözlədiyini bildirib. "Tarixi idman yarışında rol almaq özüm və bütün komandamız üçün gözəl imkandır”.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq komandanın üzvlərinin sayının hər həftə artmaqda olduğunu vurğulayaraq deyib: "Yüksək səviyyəli peşəkarlardan ibarət belə bir kollektiv topladığımız üçün çox məmnunam. Xarici və yerli işçilərin birgə fəaliyyəti Avropanın istedadlı idmançıları üçün mümkün olan ən yaxşı yarışları keçirməkdə dinamik və əyləncəli mühit yaradıb”.
Bakı Dövlət Universitetinin hüquq fakültəsindən yeni məzun olan A.Axundova Azərbaycanda daha öncə keçirilmiş əsas tədbirlərdə, o cümlədən 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatında və "Eurovision-2012” mahnı müsabiqəsində iş təcrübəsinə malikdir.
Hazırda Bakı-2015 komandasında Azərbaycan da daxil olmaqla, dünyanın 43 ölkəsindən olan işçilər 18 şöbədə çalışır.