Bakı-2015 ilk Avropa Oyunları “Doha GOALS” Forumunda geniş təbliğ edilib

Bakı-2015 ilk Avropa Oyunları “Doha GOALS” Forumunda geniş təbliğ edilib


Noyabrın 4-də Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Qətərdə keçirilən "Doha GOALS” forumunda aparılmış "İdman kütlələr üçün” adlı debatda çıxış edib.
Kütləvi yarışların idman mədəniyyətinin formalaşması və idmanın yeni sahələrdə yayılması üçün vasitə kimi təbliğinə yönəlmiş debata üçqat Olimpiya çempionu və dünya rekordçusu Conatan Edvards rəhbərlik edib.
İdman sahəsində tanınmış mütəxəssislərin iştirak etdikləri tədbirdə qeyd olunub ki, Bakı gələn il iyunun 12-28-də birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanın tarixində ən böyük idman tədbiri olacaq 17 günlük yarışlarda Avropa Milli Olimpiya komitələrindən 6 mindən çox idmançı mübarizə aparacaq.
S.Kleq deyib: "Doha GOALS” forumu birinci Avropa Oyunlarının, Bakının və Azərbaycanın dünyada təbliği baxımından çox gözəl imkandır. Azərbaycan Avropada dinamik məkan kimi nüfuz qazanmağı səbirsizliklə gözləyir. Biz Oyunların Azərbaycanın zəngin tarixinə töhfə verməsini istəyirik”.
Hazırlıq işlərinin əsas hissəsinin təcrübəli beynəlxalq komanda ilə azərbaycanlı işçi heyətin birgə fəaliyyəti ilə görüldüyünü diqqətə çatdıran S.Kleq bildirib: "Heç şübhə etmirəm ki, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsində bilik və bacarıqlarını təkmilləşdirməkdə olan işçi heyəti burada qazandığı təcrübədən gələcəkdə baş tutacaq və dünyanı valeh edəcək yarışların yüksək səviyyədə təşkili və idarə olunmasında yararlanacaq. İdman bayramında bütün qitəni bir araya gətirəcək Bakı-2015 Avropa Oyunları təkcə Azərbaycan tarixinə əlamətdar hadisə kimi daxil olmayacaq, eyni zamanda, Avropanın şərəfli idmanın tarixində yeni fəsil açacaq”.
Noyabrın 5-dək keçiriləcək forum idmanın bütün dünyada sosial və iqtisadi dəyişikliklər üçün təkanverici qüvvə rolu oynamasının təşviqi məqsədilə nəzərdə tutulan təşəbbüsdür. "Doha GOALS” - bütün liderlərin idmanda toplanması platforması 2012-ci ilin yanvarında Qətər Əmiri Şeyx Tamim bin Hamad Əl Taninin himayəsi altında yaradılıb. Forumun builki gündəliyinə daxil edilmiş digər mövzular arasında idmanda irqçiliyə və ayrı-seçkiliyə qarşı mübarizə, qlobal idman etikası və qadınların idmanda iştirakı ilə bağlı baxışların dəyişdirilməsi də yer alır.