Azərbaycan bodibildinqçiləri bu il keçirilən bir sıra mötəbər turnirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Onları qarşıda daha gərgin yarışlar gözləyir.
Əldə edilən uğurlar və yeni ildə görüləcək işlər barəsində ətraflı məlumat almaq üçün Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bünyatəliyevlə görüşüb bizi maraqlandıran suallara aydınlıq gətirdik.
- Buyaxınlarda bodibildinqçilərimiz "Arnold Classic Europe” turnirində iştirak etdilər. Üç idmançı ilə təmsil olduğumuz yarışda komandamız üç bürünc medal qazandı. Federasiya rəhbəri kimi, bu nəticə sizi qane edirmi?
- İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən bodibildinq üzrə "Arnold Classic Europe” turnirində bizim təmsilçilərimiz də iştirak etdilər. 900-dən çox idmançının çıxış etdiyi bu mötəbər yarışda komandamız üç idmançı ilə təmsil olunurdu. Komandamızın heyətində yer alan Yelena Kirşina qadınların bodifitnes yarışlarında gücünü sınadı. Kişilərin mübarizəsində isə Məhəmməd Paşai və Rza Zinatlu mübarizə aparırdı. Bodibildinq yarışlarında çıxış edən iki idmançımız üç medal qazandı. Komandamızın üzvü Məhəmməd Paşai 90 kq çəki dərəcəsində və 40 yaşından yuxarı idmançıların qoşulduğu "Masters” turnirində iki bürünc medal əldə etdi. 100 kq çəki dərəcəli idmançıların mübarizəsində yığma komandamızın üzvü Rza Zinatlu beynəlxalq yarışın bürünc medalına layiq görülüb. Təəssüf ki, qadınların mübarizəsində komandamız xoşagəlməz hadisə ilə üzləşdi. Belə ki, yarışda iştirak edən bütün güclü idmançılar sonuncu pillələrdə qərarlaşdılar. Bu, hakim ədalətsizliyi nəticəsində baş verdi. Yelena Kirşina beynəlxalq turnirdə 11-ci yeri tutdu. Bu onun karyerası ərzində ən pis nəticə idi. Təbii ki, yarışdan sonra idmançımızın çıxışını araşdırdım. Yelenanın bu cür nəticə göstərməsi ədalət təmsilçilərinin qeyri-obyektiv qərarı ilə əlaqədar idi. Baş hakimin müavini, almaniyalı Erek Yaner hesab etdi ki, bu kateqoriyada yer alan əzələli qadın idmançıların əksəriyyəti beynəlxalq standartlara uyğun gəlmir. Lakin baş hakimlə müzakirələr apardıqdan sonra məlum oldu ki, Erek Yaner səhv qərar verib. Təsəvvür edin ki, hakimlərin səhvləri nəticəsində bu ilin Avropa çempionu beynəlxalq turnirdə 13-cü yeri tutdu. Yəni bu səhv qərarlara görə, güclü idmançılar mükafatçılar sırasına düşə bilmədilər.
- Artıq neçənci yarışdır ki, bodibildinqçilərimiz hakim səhvləri ilə üzləşirlər..
- Bilirsiniz, bu cür idman növlərində yüz faizlik obyektivlik ola bilməz. Bodibildinqdə hər bir idmançı özünü ən güclü sayır. Lakin bu, belə deyil. Yekun qərarı sonda ədalət təmsilçiləri verirlər. Düzdür, sonuncu yarışda idmançımız hakim səhvi ilə üzləşdi. Hətta beynəlxalq federasiyanın prezidenti Yelena Kirşinanı qaliblər kürsüsündə gördüyünü etiraf etdi. Yəni hər kəsə məlum idi ki, Azərbaycan idmançısı bu yarışda çox gözəl formaya malikdir. Təəssüf ki, bu cür haqsızlıqlara görə idmançımız mükafatçılar sırasından kənarda qaldı. Bu ay Braziliyada keçiriləcək konqresdə hakimlərlə bağlı çox ciddi müzakirələr aparılacaq.
- Uğursuz nəticə Yelena Kirşinanın ruhdan salmadı ki?
- Xeyr. Bu cür hadisələrlə hər bir peşəkar idmançı üzləşə bilər. Yelena çox güclü idmançıdır. O dünya, Avropa çempionatlarının gümüş və bürünc mükafatçısıdır. Yəni kifayət qədər perspektivli idmançıdır, böyük nüfuza malikdir. Hazırda o, məşqlərini davam etdirir, qarşıdakı yarışlara hazırlaşır.
- Bildiyimizə görə, bodibildinqçilərimiz yeni sınaq ərəfəsindədirlər. Komandamız dünya çempionatına necə hazırlaşır?
- Noyabrın 12-15-də Braziliyanın paytaxtı Braziliya şəhərində bodibildinq üzrə dünya çempionatı keçiriləcək. Komandamız bu yarışda 4 idmançı ilə təmsil olunacaq.
Yalçın Məmmədov (70 kq), Məhəmməd Paşai (90 kq), Vüqar Verdiyev (95 kq) və Rza Zinatlu (100 kq) Braziliyada medallar uğrunda yarışacaqlar. İdmançılarımız bu çempionata yüksək səviyyədə hazırlaşırlar. Əminliklə deyə bilərəm ki, onların hamısı çox gözəl formadadır. İnanıram ki, komandamız ölkəmizə medallarla qayıdacaq. Yarışlardan əlavə, Braziliyada beynəlxalq federasiyanın seçki konqresi də keçiriləcək. Bildiyiniz kimi, mən beynəlxalq federasiyasının baş katibinin müaviniyəm. Həmin konqresdə Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasına aid əsas məsələlər və gələcək yarışların qaydaları müzakirə olunacaq. Mən bu konqresdə Bakıda keçiriləcək I Avropa Oyunları barədə rəsmi məlumat verəcəyəm. Braziliyadan qayıtdıqdan sonra isə bodibildinqçilərimiz respublika çempionatında iştirak eləcəklər.
- Birinci Avropa Oyunları üçün komandamızın heyəti müəyyənləşibmi? - Bu mötəbər idman yarışına atletlərimiz yüksək səviyyədə hazırlaşırlar. Bodibildinq I Avropa Oyunlarının mədəni proqramına daxil edilib. Bu yarış bizim üçün çox əhəmiyyətlidir. Qitənin ən güclü bodibildinqçiləri Bakıya toplaşacaqlar. Bu yarışda atletlər klassik bodibildinq və fitnes kateqoriyalarında mübarizə aparacaqlar. Qitə bodibildinqçilərinin əksəriyyəti Avropa Oyunlarında iştirak etmək istəyir. Təbii ki, bu yarışda müəyyən kriteriyalar gözləniləcək, idmançıların iştirakı ilə bağlı müəyyən say olacaq. Bakı - 2015 Avropa Oyunlarında bodibildinq yarışları 7 kateqoriya üzrə keçiriləcək. Hər kateqoriyada isə 10 nəfərə yaxın idmançı iştirak edəcək. Bu da o deməkdir ki, yarışda idmançıların sayı 70-ə yaxın olacaq. Balansı qorumaq üçün Bakıda hər ölkədən maksimum üç idmançının iştirak etməsi təklifini irəli sürəcəyəm. Qeyd etdiyim kimi, Avropa və dünya çempionatlarında ən yüksək nəticə göstərən idmançılar bu mötəbər yarışda güclərini sınayacaqlar. Avropa Oyunlarına qitə ölkələrinin marağı çox böyükdür. Son iki il ərzində keçirilən bütün tədbirlərdə, rəsmi görüşlərdə Beynəlxalq Bodibildinq Federasiyasının prezidenti Bakı - 2015 Avropa Oyunları ilə bağlı ətraflı məlumatlar verib.
Avropa Oyunlarında çox yüksək səviyyədə çıxış etməliyik. Azərbaycan ev sahibi kimi bu yarışda daha çox bodibildinqçi ilə təmsil oluna bilər. Lakin say çoxluğu önəmli deyil. Əsas məsələ layiqli çıxış etməkdir. Bu baxımdan yalnız ən güclü idmançılarımızın Bakı 2015-də çıxışına imkan yaradacağıq. Hadisələri qabaqlamaq istəmirəm. Yəqin ki, komandamızın hansı heyətlə təmsil olunacağı gələn ilin əvvəllərində dəqiqləşəcək.
Azər Əlizadə