"Motorola Solutions” şirkəti Bakı-2015 ilk Avropa Oyunlarının rəsmi dəstəkçisi olub. Bakı-2015 Avropa Oyunları gələn il keçiriləcək tarixi idman yarışlarının rəsmi radio kommunikasiyaları dəstəkçisi kimi "Motorola Solutions” şirkəti ilə əməkdaşlığa başlayıb. "Motorola Solutions” şirkəti mühüm kommunikasiya həlləri, ictimai təhlükəsizlik və kommersiya istehlakçılarına xidmət sahəsində aparıcı provayderdir. Şirkət sazişin bir hissəsi olaraq tədbirin maneəsiz və səmərəli kommunikasiyası və əlaqələndirilməsi məqsədilə Bakı-2015 üçün rəqəmsal radio xidmətləri göstərəcək. Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə fikirlərini bölüşərək deyib: "Bu müqavilə "Motorola Solutions” şirkətinin Bakı-2015ə dəstək vermək üçün özünün geniş təcrübəsindən istifadə edəcəyini göstərir. Bu, çox vacibdir ki, biz Oyunlar zamanı aramızda müntəzəm qaydada yüksək keyfiyyətli kommunikasiya qurmaq imkanına malik olacağıq. Biz birlikdə çalışacağıq. Tarixdə ilk Avropa Oyunlarının uğurla həyata keçirilməsində "Motorola Solutions” şirkəti mühüm rol oynayacaq”. Şirkətin Şərqi Avropa, Rusiya və Mərkəzi Asiya üzrə vitse-prezidenti Aksel Rettiq bildirib: "Motorola Solutions” uzun illərdir mötəbər beynəlxalq idman yarışları üçün uğurlu və etibarlı kommunikasiya xidmətləri göstərir. Bakı-2015-in rəsmi dəstəkçisi olmaq bizim üçün şərəfdir və qarşıdan gələn aylarda birgə işləməyi səbirsizliklə gözləyirik”. Sazişin bağlanması ilə "Motorola Solutions” "McDonald’s Azərbaycan”, "Tickethour”, "Milla” və "Sitecore” şirkətlərindən sonra Bakı-2015-in beşinci rəsmi dəstəkçisinə çevrilib. Bakı-2015-in kommersiya şöbəsinin direktoru Çarli Viceratna bununla bağlı deyib: "Rəsmi tərəfdaş və dəstəkçilərimizin siyahısına növbəti böyük brendin əlavə edilməsi Bakı-2015 layihəsi üçün çox əhəmiyyətlidir. Biz kommersiya proqramının hazırlanmasından çox məmnunuq. Hazırda ümumilikdə 11 rəsmi tərəfdaş və dəstəkçimizin olduğunu, növbəti həftələrdə yenilərinin əlavə ediləcəyini xüsusi vurğulamaq istərdik”. "Motorola Solutions” şirkəti ictimai təhlükəsizlik və kommersiya müəssisələri üçün radio xidmətləri göstərən təchizatçıdır. Şirkət bütün dünyada müştəri bazasına xidmət göstərir və 85 illik təcrübəyə malikdir. Dünyanın 120-dən çox ölkəsindən olan müştərilər "Motorola Solutions” şirkətinin təcrübəsinə etimad göstərir. Şirkət mötəbər idman tədbirlərində, həmçinin bir çox Olimpiya oyunlarında və dünyada mühüm futbol turnirlərində kommunikasiya xidmətlərini uğurla həyata keçirib.