Bakı-2015 Avropa Oyunları milli federasiyaların forumunu keçirib

Bakı-2015 Avropa Oyunları milli federasiyaların forumunu keçirib


Bakı-2015 Avropa Oyunlarının baş ofisində gələn ilin yayında keçiriləcək tarixi yarışlarda təmsil olunacaq Azərbaycan idman federasiyalarının nümayəndələri ilə görüş keçirilib. İdmanın birinci Avropa Oyunlarının proqramına daxil edilmiş 20 növündən 19-u üzrə milli federasiyaların 50-dən çox üzvü Bakı-2015-in baş ofisində keçirilmiş forumda iştirak edib. Federasiya üzvlərinə Bakı-2015-in bir sıra şöbələri, o cümlədən akkreditasiya, mətbuat əməliyyatları, nəqliyyat və işçi qüvvəsi şöbələrinin Oyunlarla bağlı görülən hazırlıq işləri və yerinə yetirilməsi gözlənilən vəzifə və əməliyyatlar barədə ən son məlumatlar verilib. Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Belə tədbirlər Avropa Oyunları ilə əlaqədar milli federasiyaların gördüyü hazırlıq işlərinə yardım etmək üçün məlumat mübadiləsi baxımından çox əhəmiyyətlidir. Bakı-2015 azərbaycanlı idmançılara tarixə yazılmaq və öz Vətənlərində birinci Avropa Oyunlarının çempionu olmaq imkanı verir. Əminəm ki, öz Vətənində doğma azarkeşlər qarşısında Oyunlarda yarışmaq bütün azərbaycanlı idmançılar üçün xüsusi an olacaq. Oyunlarla əlaqədar geri sayıma davam edirik. Federasiyalara və idmançılara Oyunlara hazırlıqlarında uğurlar arzulayıram”. Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Pirs O`Kallahan deyib: "Tədbirdə milli idman federasiyalarından bu qədər çox nümayəndənin iştirak etməsindən və onların gələn il keçiriləcək tarixi yarışlarla əlaqədar gördüyümüz hazırlıq işləri ilə bağlı əldə olunmuş irəliləyişlərə dair son məlumatları almalarından çox məmnunam. Avropanın ən yaxşı idmançılarını iştirak üçün cəlb edəcək Oyunlar Bakıda keçiriləcək möhtəşəm idman bayramı olacaq. Biz Azərbaycanın və bütün Avropanın qürur duyacağı yarışları keçirmək üçün çalışırıq”.