Bakı-2015 Avropa Oyunları Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün diplomatik brifinqə ev sahibliyi edib. "Fairmont Otel”də keçirilən brifinqdə 60 ölkədən 100-dən çox nümayəndə iştirak edib. Bakı-2015-in rəhbər şəxsləri ilk Avropa Oyunları ilə bağlı ən son yeniliklər və gələcəkdə ölkədə keçiriləcək idman yarışları haqqında beynəlxalq nümayəndələr qarşısında təqdimatlar keçiriblər.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru və Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Azad Rəhimov nümayəndələr qarşısında çıxış edib. Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq ilk Avropa Oyunları haqqında ümumi məlumat verib.
Azad Rəhimov deyib: "Diplomatik brifinq komandamız üçün gələn il keçiriləcək Bakı-2015 Avropa Oyunlarına hazırlıqlarla bağlı ən son yeniliklər haqqında diplomatik nümayəndəlikləri məlumatlandırmaq baxımından mükəmməl fürsətdir. Biz beynəlxalq aləmdə ilk Avropa Oyunlarına böyük marağın yaşanacağını bilirik, ona görə də diplomatik nümayəndələri hazırlıq işlərimiz barədə məlumatlandırmağı vacib hesab edirik”.
Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva Milli Olimpiya komitələrinin Avropa Oyunlarında oynadığı rollar barədə danışıb. "Bu qədər diplomatik lideri burada, Bakı şəhərində bir arada toplamaq və onları Avropa Oyunları ilə bağlı ən son xəbərlər haqqında ətraflı şəkildə məlumatlandırmaq bizim üçün böyük şərəf oldu.
Qarşıdan gələn illərdə Azərbaycan mühüm idman yarışlarına ev sahibliyi edən və dünyanın buraya dəvət olunacağı mükəmməl idman mərkəzinə çevriləcək. Bizim beynəlxalq ictimaiyyəti burada mövcud olan imkanlar və əldə olunan irəliləyişlər barədə məlumatlandırmağımız vacib haldır”, - deyə cənab Kleq qeyd edib.