İstanbulda Bakı-2015 ilk Avropa Oyunlarının təqdimatı olacaq. Gənclər və İdman Naziri Azad Rəhimov təqdimat mərasimində iştirak etmək üçün Türkiyəyə yola düşüb.
İstanbulun "Çırağan” sarayında keçiriləcək təqdimatda Bakı-2015 Avropa Oyunlarına hazırlıq haqda film nümayiş olunacaq. Yarışlarda Avropanın 49 ölkəsindən 6 mindən çox idmançının 20 növ üzrə mübarizə aparacağı barədə məlumat veriləcək.
Həmçinin Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın sədrliyi ilə görülən işlər, yarışların keçiriləcəyi məkanlar, istifadəyə verilmiş və hazırda tikilməkdə olan idman qurğuları, 7300 nəfər üçün nəzərdə tutulmuş Olimpiya kəndinin hazırlığı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlar mərasim iştirakçılarının diqqətinə çatdırılacaq.
A.Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının bir il sonra Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq Yay Olimpiya oyunlarına hazırlıq xarakteri daşıdığını və idmanın bir neçə növündə lisenziya qazanma istiqamətində xüsusi rol oynadığını bildirəcək. Nazir, eyni zamanda, Bakının müxtəlif illərdə bir sıra Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etməsindən, Azərbaycanın 23 illik müstəqilliyi dövründə 200-dən artıq idmançı ilə təmsil olunduğu yay və qış Olimpiya oyunlarında qazandığı nailiyyətlərdən danışacaq. O, Azərbaycan yığmasının bugünədək iştirak etdiyi olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2 minə yaxın medal qazandığı haqda qonaqlara məlumat verəcək.
Gənclər və İdman Naziri çıxışında bu ilin iyununda Bakıda bədii gimnastika üzrə Avropa çempionatının yüksək səviyyədə keçirildiyini qeyd edəcək. Eləcə də növbəti - 2016-cı ildə ölkəmizdə "Formula 1” üzrə Qran-pri və Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının təşkil ediləcəyi barədə məlumatları da iştirakçıların diqqətinə çatdıracaq.