Bakı-2015 Avropa yunları Mingəçevir şəhərində könüllüləri işə cəlb edir

Bakı-2015 Avropa yunları Mingəçevir şəhərində könüllüləri işə cəlb edir

Azərbaycan tarixində ən böyük idman tədbiri olacaq Bakı-2015 Avropa Oyunları Mingəçevir şəhərində kanoe sprinti idman növü üzrə könüllülərin proqramının təşviqatını aparıb. Proqramla bağlı müraciət edənləri gələn ilin yayında keçiriləcək yarışlarda köməklik etməyə və Azərbaycanı dünyada tanıtmağa həvəsləndirmək məqsədilə Bakı-2015 komandasının rəhbər işçiləri Avropa Oyunlarının təqdimatını keçiriblər. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəsmi şəxsləri Mingəçevir Politexnik İnstitutunda keçirilmiş təqdimatda və idmanla bağlı son məlumatların elan edilməsində iştirak ediblər.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: "Bakı-2015-in könüllərinin üzərinə idmançılara, rəsmi şəxslərə və tamaşaçılara özlərini evlərindəki kimi hiss etmələrinə kömək etmək, birinci Avropa Oyunlarının canlanması və maraqlı olması baxımından mühüm vəzifə düşür.
Avropa Oyunları bütün Azərbaycana fayda gətirəcək, ona görə də, Mingəçevir şəhərini dünya səviyyəli idman məkanı kimi tanıtmağa kömək edəcək yerli könüllülərin olması bizim üçün olduqca vacibdir.”
Qeyd edək ki, Mingəçevir şəhəri özünün su anbarları ilə məşhurdur. Burada üç yarış günü ərzində 350 nəfər idmançı qızıl medal uğrunda yarışacaq. Ümumilikdə, baydarka növü üzrə 12 (kişilər və qadınlar arasında) və kanoe sprinti üzrə 3 yarış (yalnız kişilər arasında) keçiriləcək.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru cənab Uilyam Lui-Mari deyib: "Mingəçevirdə fəaliyyət göstərən Avarçəkmə Mərkəzi yüksək əhəmiyyətli obyektdir. Beynəlxalq standartlar əsasında əsaslı təmir edilmiş mərkəz region, eyni zamanda, bütün ölkə üçün uzunmüddətli fayda verəcək. Avropa Oyunları üçün burada, Mingəçevir şəhərində könüllülük etmək və bu cür tarixi yarışların mühüm hissəsi olmaq imkanını təklif etməkdən çox şadıq.”
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) gələn ilin yayında keçiriləcək yarışlarda 12000 nəfər könüllünü işə cəlb edəcək. Könüllülər Oyunlar zamanı yüksək vəzifəli şəxslərin və idmançıların qarşılanması, idman yarışlarında işləmək, yaxud media üzvlərinə köməklik göstərmək imkanı əldə edəcəklər.
Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru NarMobile Bakı-2015 Avropa Oyunlarının Könüllü proqramının rəsmi sponsorudur. Nar Mobile 12 min könüllünün Avropa Oyunları ilə bağlı ən son xəbərlərdən məlumatlı olması üçün yeni innovativ mobil proqram imkanı yaradacaq.