Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi gələn il keçiriləcək birinci Avropa Oyunlarında 8 kişi və 8 qadın cüdoçunun yarışacağını elan edib.
Heydər Əliyev Arenasında keçiriləcək və cüdo proqramına tam şəkildə daxil edilmiş bu yarışda ümumilikdə 10 ölkə təmsil olunacaq.
Yarışda iştirak edəcək idmançıların seçildiyi ölkələrə Azərbaycan, Fransa, Böyük Britaniya, Almaniya, Yunanıstan, Macarıstan, Rusiya, İspaniya, Türkiyə və Ukrayna daxildir.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: "Gözdən əlil idmançılar arasında keçiriləcək cüdo yarışının idman proqramımıza əlavə edilməsi çox gözəl haldır və dünyanın hər yerindəki idman azarkeşlərinin zövq alacağı birinci Avropa Oyunlarının yenilikçi idman yarışları kimi tarixə düşəcəyini göstərir.
Mən gələn il keçiriləcək Avropa Oyunlarında qüvvəsini sınamaq üçün seçilmiş bütün idmançıları təbrik etmək və Bakı-2015 Avropa Oyunları ilə əlaqədar məşq və hazırlıqlarında onlara uğurlar arzulamaq istərdim.”
Qeyd edək ki, Avropa-2015 Oyunlarında Azərbaycanı Afina-2004, Pekin-2008 Paralimpiya Oyunlarında iki qızıl medal, London-2012 Parlimpiya Oyunlarında isə bürünc medal qazanmış İlham Zəkiyev təmsil edəcək.
İ.Zəkiyev deyib: "Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarında ölkəmi təmsil etmək üçün seçilməyim mənim üçün böyük şərəfdir və ümid edirəm ki, mən ilk çempion kimi tarixə düşəcəm.
Gözdən əlil idmançılar arasında keçirilən cüdo yarışının Bakı 2015 proqramına daxil edilməsi çox gözəldir və Heydər Əliyev Arenasında keçiriləcək yarışda Azərbaycana medal qazandırmaq imkanı əldə etdiyim üçün fəxr edirəm.”
Xatırladaq ki, gözdən əlil idmançılar arasında cüdo yarışı bir gün ərzində keçiriləcək və orada 90 kq-dan artıq çəki dərəcəsi kateqorisyasına daxil olan kişi idmançılar və 57 kq çəki dərəcəsinə qədər kateqoriyaya daxil edilən qadın idmançılar medal uğrunda mübarizə aparacaqlar.
2012-ci ildə Londonda təşkil edilən paralimpiya oyunlarında 52 kq çəki dərəcəsinə qədər kateqoriyada qızıl medal qazanmış almaniyalı idmançı Ramona Brussiq qadın idmançıların yarışında favoritlərdən biri olacaq.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru cənab Pirs O`Kallahan demişdir: "Bakı- 2015 Avropa Oyunlarında iştirak üçün seçilmiş 16 nəfər idmançı xeyli təcrübəyə malikdir və Avropanın elit idmançılarını təmsil edirlər.
Gözdən əlil idmançılar arasında keçiriləcək cüdo yarışına böyük marağın olacağını gözləyirik”.