Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax noyabrın 20-də jurnalistlərə müsahibəsində deyib ki, Avropa Oyunları Azərbaycanın dünya idmanına töhfəsi hesab olunacaq.
Tomas Bax Azərbaycana ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb və Bakı-2015 Oyunlarına hazırlıqlar barədə danışıb: "Bakıya ilk dəfədir səfər edirəm. Paytaxtla bağlı təəssüratlarım böyükdür. Həqiqətən də Azərbaycanda çox böyük inkişaf gedib. Mən bu bərədə eşitmişdim. Amma bu inkişafı öz gözümlə görə bildim. Azərbaycanda idmana olan diqqət və onun inkişafı da məni çox sevindirdi. Bu baxımdan ölkənizə gəlməyi çox vacib hesab etdim. Gördüklərimə əsasən qeyd edə bilərəm ki, Azərbaycanı parlaq gələcəyə aparan yollardan ən əsası gənclərin inkişafına kömək edən idmandır”.
T.Bax deyib: "2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqlar yüksək səviyyədə aparılır. Bunun Azərbaycanın gələcək imici üçün, beynəlxalq miqyasda daha çox tanınması baxımından vacib bir hadisə olacağını düşünürəm. Bütün Avropa ölkələrinin Bakı-2015-də iştirak edəcəklərini düşünürəm. Bunun üçün heç bir maneə olmayacaq. İdman körpü rolunu oynayır. Bütün xalqlar və ölkələr idman vasitəsilə bir araya gəlir və sülh qurmağa başlayırlar.