Bakı-2015 Avropa Oyunları Azərbaycanın ilk idman elçilərini elan edib

Bakı-2015 Avropa Oyunları Azərbaycanın ilk idman elçilərini elan edib


Bakı-2015 Avropa Oyunları noyabrın 19-da ilk Avropa Oyunlarının idman elçiləri olacaq 11 Azərbaycan idmançısının adını elan edib.
İdmançılar öz idman növlərini və ölkələrini təmsil etmək üçün seçiliblər və qarşıdan gələn Oyunlarla bağlı marketinq kampaniyalarında iştirak edəcəklər. Onlar növbəti yay keçiriləcək tədbirin bütün Azərbaycanda təbliğ edilməsində iştirak edirlər.
Açılış mərasimi yaxınlaşdığından onlar, həmçinin Bakı-2015-in geniş şəkildə qeyd olunacaq möhtəşəm tədbirlərində iştirak edəcəklər.
Seçilmiş idmançılar bunlardır: Suğra Müqabilzadə (oxatma), Nazim Babayev (atletika), Amil Həmzəyev (basketbol 3x3), Elgün Əlizadə və Murad Sultanov (velosiped idmanı), Səbinə Mikina (qılıncoynatma), Marina Durunda (gimnastika), Elmar Qasımov (cüdo), Ceyran Əliyeva (voleybol), Rövşən Bayramov və Mariya Stadnik (güləş).
Azərbaycanın Gənclər və İdman naziri və Bakı-2015-in baş icraçı direktoru Azad Rəhimov deyib: "Bu idmançılar ölkənin ən yaxşılarından bir neçəsidir. Onlar Avropa Oyunlarının ən yaxşı idman elçiləri olduqlarını sübut edəcəklər. Biz onlardan Bakı-2015-in yaradacağı həyəcanı ölkənin digər bölgələri ilə də paylaşmalarını istəyirik və əminəm ki, onların nailiyyətləri bütün Azərbaycan gənclərini həvəsləndirəcək”.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib: "Biz idman elçiləri proqramı üzrə Bakı-2015-lə birgə çalışmaqdan məmnunluq duyuruq. Bakı-2015 idmançılarımız üçün beynəlxalq arenada bacarıqlarını, öz idman növləri və ölkələrini təmsil etmələri üçün son dərəcə mühüm imkandır. İdman elçiləri proqramı onlara öz karyeralarını inkişaf etdirməkdə yardımçı olacaq”.
Bakı-2015-in idman elçiləri proqramı beynəlxalq kampaniyalar vasitəsilə Avropa Oyunları haqda dünya miqyasında məlumatlılığın artırılmasına kömək edəcək tanınmış elçiləri də cəlb edəcək.
Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "İdman elçiləri proqramı birinci Avropa Oyunlarına yardım etmək üçün Avropada qalib olacağına ümid edən məşhur idmançıların dəstəyindən yararlanacaq və bunun uğurlu olacağına əminik. Göstərdikləri köməyə görə bütün Azərbaycan idmançılarına təşəkkür edirik. Gələcək aylarda Bakı-2015-in təbliğ edilməsində onlarla birgə çalışmağı səbirsizliklə gözləyirik”.