Bakı-2015 Avropa Oyunlarının rəmzləri təqdim olunub

Bakı-2015 Avropa Oyunlarının rəmzləri təqdim olunub


Noyabrın 25-də Bakı-2015 ilk Avropa Oyunları ceyran və narı ilk dəfə keçiriləcək idman tədbirinin rəsmi rəmzləri kimi təqdim edib.
Ceyran və nar Azərbaycanın qürurlu tarixini və ümidverici gələcəyini təcəssüm etdirir. Ceyran və nar Bakı-2015in təbliğində brend kimi çıxış edərək birinci Avropa Oyunlarının rəmzinə çevriləcək.
Azərbaycanın gənclər və idman naziri, Bakı-2015-in baş icraçı direktoru Azad Rəhimov deyib: "Bütün dünyaya ceyranı və narı təqdim etməyə olduqca şadıq. Ümidvarıq ki, onlar birinci Avropa Oyunlarının həyəcanını əks etdirə biləcəklər. Ceyran və nar Bakı-2015in rəmzləri kimi Azərbaycanda yeni nəsil idman azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcək”.
Qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif edəcək ceyran Oyunların mədəniyyət elçisi olacaq. Ceyran Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək qonaqlara ölkə boyu bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini nümayiş etdirəcək. Azərbaycanda qorunan heyvan növlərindən biri olan ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın rəmzidir.
Azərbaycan folklorunda birliyi tərənnüm edən nar rəngarəng Bakı-2015 brendində əks olunaraq artıq şəhərimizdə geniş nümayiş etdirilib.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Bizim rəmzlər ilk Avropa Oyunları üçün çox əhəmiyyətlidir. Ceyran Oyunların və Azərbaycanın zəngin irsinin zərif mədəniyyət elçisi olacaq. Nar Oyunların enerjisini, həyəcanını və əyləncəsini təmsil edir və keçirilən yarışlarda iştirak edəcək”.
Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna isə rəmzlər barədə fikrini bölüşərək bildirib: "Biz Avropa Oyunlarının əyləncəli və rəngarəng olmasını istəyirik. Ümid edirik ki, ceyran və nar Oyunların rəmzi kimi bütün Azərbaycanda məşhurlaşacaq. Biz Bakı-2015-də Avropanın məşhur idmançılarına ev sahibliyi etməyə hazırlaşırıq. Rəmzlər illüstrasiya kimi yaradılıb, amma tezliklə animasiyalı və real görünüş qazanaraq Avropa Oyunlarının təbliğinin bir hissəsi olacaqlar”.