Avropa Triatlon Şurasının rəhbəri Bakı-2015 Avropa Oyunlarından bəhs edib

Avropa Triatlon Şurasının rəhbəri Bakı-2015 Avropa Oyunlarından bəhs edib


Avropa Triatlon Şurası (ETU) bu təşkilatın rəhbəri Renato Bertrandinin Azərbaycana səfərinə dair geniş məqalə yayıb. Məqalədə R.Bertrandinin Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının Bakı toplantısına qatıldığı, Bakı-2015 Avropa Oyunlarına hazırlıqla bağlı ən son məlumatlar əldə etdiyi, icraçı direktoru Azər Məhərrəmov və Azərbaycan Triatlon Federasiyasının rəhbərliyi ilə görüşdüyü bildirilir.
Qeyd edilir ki, R.Bertrandi üçün Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında iştirak etmək və müxtəlif federasiya rəhbərləri ilə görüşmək, eləcə də Avropa Oyunlarında triatlonun roluna, habelə gələn il Tbilisidə keçiriləcək yeniyetmələr üzrə Olimpiya festivalına dair geniş fikir mübadiləsi aparmaq imkanı yaradıb.
Yazıda diqqətə çatdırılır ki, Bakı-2015 Avropa Oyunlarında triatlon turniri Bakıdan 30 kilometr aralıda keçiriləcək. Bu, həmin idman növünün özəlliyindən irəli gəlir. Burada bütün tələblərə cavab vermək çox vacibdir. Yarışların yerinin hazırlanmasına dair işlər artıq başlanıb və martın sonunadək tam yekunlaşmalıdır.
Mayın əvvəlində isə test yarışları keçiriləcək. Triatlon yarışlarının yeri ilə bağlı məsələ indiyədək geniş müzakirə obyekti olub. Həmçinin Beynəlxalq Triatlon Şurasının təşkilatçılığı ilə texniki işlərlə məşğul olan rəsmilərlə keçirilən danışıqlar zamanı da müzakirələr aparılıb. Bu, tərəflər üçün gələcək tövsiyələr baxımından mühüm əhəmiyyətə malikdir.
Bununla yanaşı, hazırda ETU Avropa Oyunlarında təmsil olunacaq texniki personalın siyahısının hazırlanması üzərində iş aparır. Bu məqsədlə müxtəlif ölkələrin milli federasiyalarına onların təmsilçilərinin bu mötəbər yarışlara cəlb edilməsinə dair sorğular göndərilib. Bu zaman mütəxəssislər ETU-nun birinci, ikinci və üçüncü dərəcələrinə malik olmalıdırlar. Avropa Oyunlarının proqramına əsasən, texniki işlərlə məşğul olan rəsmilər Bakıya triatlon yarışlarına iyunun 9-da gələcək. Səfər isə iyunun 16-da başa çatacaq.
Yaxın vaxtlarda ETU-nun İcraiyyə Komitəsinin toplantısında Bakıda keçiriləcək Avropa Oyunlarının texniki rəsmi şəxslərinin siyahısı təsdiqlənəcək. Bu seçimi isə ispaniyalı Xorxe Qarsiya və macar Bela Varqa kimi peşəkarlar aparacaqlar. Ən son və tam dolğun informasiya isə yanvarın sonunda milli triatlon federasiyaları rəhbərlərinin iştirakı ilə keçiriləcək ETU-nun yekun konfransında veriləcək. Bu toplantıda R.Bertrandi geniş hesabatla çıxış edəcək. Təqdimatı isə Azərbaycanın nümayəndə heyəti edəcək.
R.Bertrandi qeyd edib ki, bununla belə, ETU rəhbərliyi qarşıdan gələn Avropa Oyunlarında ən peşəkar trialtonçuların çıxışlarını vacib sayıb. Çünki turnirin qalibləri Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Olimpiya oyunlarına lisenziyalar qazanacaqlar. Yəni Braziliyaya seçimlər Bakıda keçiriləcək Avropa Oyunlarından başlayacaq. Təqvim planlarına görə, iyunun 13-də və 14-də Avropa Oyunları çərçivəsində yarışlar keçiriləcək. Bu start bütün qitə üçün böyük bir addım olacaq. Biz, triatlonun proqrama daxil edilməsindən çox məmnunuq. Hazırda triatlon idman təqvimində ən mötəbər yerlərdən birini tutur.