Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi kişi və qadın idmançılardan ibarət 24 voleybol komandasının gələn ilin yayında keçiriləcək yarışlarda iştirak hüququ qazandıqlarını təsdiq edib.
Yarışlara ev sahibliyi edən Azərbaycan həm kişi, həm də qadınların turnirlərində iştirak edəcək. Həm kişi, həm də qadın tunirlərindən ibarət seçmə yarışlarda reytinq dərəcəsinə görə birinci olan Rusiya da hər iki turnirdə yarışacaq.
Kişilərdən ibarət yarışlarda iştirak üçün seçilmiş digər komandalar reytinq dərəcəsi ardıcıllığına uyğun olaraq İtaliya, Serbiya, Polşa, Bolqarıstan, Almaniya, Fransa, Finlandiya, Belarus, Slovakiya və Türkiyədir.
Qadınlardan ibarət yarışlarda iştirak üçün seçilmiş digər komandalara, kvalifikasiya dərəcələrinin ardıcıllığına görə, Serbiya, İtaliya, Türkiyə, Almaniya, Hollandiya, Polşa, Belçika, Xorvatiya, Bolqarıstan və Rumıniya daxildir.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq demişdir: "Biz əminik ki, Avropa Oyunlarının 2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunları üçün seçmə yarışlarına vəsiqə təqdim etməsi Bakı-2015-də Avropanın ən yaxşı komandalarının iştirakına imkan yaradacaq.
Bu, teleyayım tərəfdaşlarımız, tamaşaçılar və bütün Avropadakı voleybol azarkeşləri tərəfindən böyük maraqla qarşılanacaq”.
Paytaxtda yerləşən "Crystal Hall”da keçiriləcək 16 günlük voleybol yarışlarında iki qızıl medal uğrunda mübarizə aparılacaq.
Avropa Voleybol Federasiyasının prezidenti cənab Andre Meyer demişdir ki, Avropanın ən yaxşı komandalarının həm kişi, həm də qadınlardan ibarət turnirlərdə iştirakı birinci Avropa Oyunlarında mükəmməl voleybol yarışlarının keçiriləcəyinə zəmanət verir.
"Bakı-2015 Avropa Oyunları beynəlxalq voleybol təqvimində əlamətdar tarix kimi qeyd olunacaq və biz Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsini həyəcanla gözləyirik”, - deyə o əlavə etmişdir.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru cənab Pirs O’Kallahan qeyd etmişdir: "Mən öz ölkələrini birinci Avropa Oyunlarında təmsil etmək üçün seçilmiş bütün komandaları təbrik etmək istərdim.
Voleybol qitə üzrə ən məşhur idman növlərindən biridir. Azərbaycan xalqının öz milli komandalarını möhtəşəm "Crystal Hall”da dəstəkləməsi və qızıl medal uğrunda gedən mübarizəni izləməsi çox gözəl olacaq”.