Birinci Avropa Oyunları ilə bağlı yeni kampaniyaya start verilib

Birinci Avropa Oyunları ilə bağlı yeni kampaniyaya start verilib


Dekabrın 5-də Gənclər və İdman Nazirliyi, Bakı-2015 ilk Avropa Oyunları Təşkilat Komitəsinin Könüllülər Departamenti və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə "Könüllü ol! Paylaş, faydalan və dəstək ol!” şüarı altında yeni kampaniyanın həyata keçirilməsinə başlanıb.
5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə keçirilən kampaniyanın məqsədi milli və beynəlxalq səviyyədə təşkil edilən könüllülük proqramları haqqında gənclərin məlumatlandırılması və onların bu fəaliyyətə cəlb olunmalarına imkan yaratmaqdır.
Kampaniya çərçivəsində üç istiqamət üzrə gənclərə könüllülük haqqında məlumat verilib. Həmçinin onlara Azərbaycanın aparıcı könüllülük proqramlarında iştirak imkanı yaradılıb.
Kampaniyanın açılışında ARGTMŞ-nin sədri Şahin Seyidzadə və Bakı-2015-in Könüllülər Departamentinin baş meneceri Anna Poronik Beynəlxalq Könüllülər Gününün tarixindən danışıblar.
Diqqətə çatdırılıb ki, 5 dekabr - Beynəlxalq Könüllülər Günü 1985-ci ildən başlayaraq BMT Baş Məclisi tərəfindən iqtisadi və sosial inkişaf naminə qeyd edilir. Könüllülüyün sosial fəaliyyət olduğunun vurğulandığı çıxışlarda bildirilib ki, onun əsas məqsədi cəmiyyətə və insanlara təmənnasız xidmət etməkdir.
Çıxış edənlər ölkəmizin könüllülük sahəsində kifayət qədər yaxşı təcrübəsinin olduğunu vurğulayaraq, əlamətdar gün münasibətilə təbriklərini çatdırıblar. Sonra tədbirdə Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşları könüllülük proqramını təbliğ ediblər.
Mərasimdə gənclərə gələn il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında könüllü olmaq üçün müraciət etmək imkanı yaradılıb. Həmçinin musiqi parçaları və rəqslər ifa olunub, könüllülüklə bağlı müxtəlif yarışlar keçirilib. Fəallığı ilə seçilən gənclər hədiyyələrlə mükafatlandırılıblar.
Gənclərin böyük marağına səbəb olan tədbir könüllülüklə bağlı müxtəlif intellektual yarışmalarla davam edib.