Bakı- 2015 Avropa Oyunlarının açılış mərasimində çıxış edəcək iştirakçılar üçün dinləmələrə start verilib.
Təşkilat Komitəsindən olimpnews.az-a daxil olan məlumata görə, açılış mərasiminin bədii direktoru cənab Dimitris Papaioannou da Bakı- 2015-in Atletlər Kəndində könüllülərin rəqs nömrələrini hazırlayan komandanın tərkibində olub.
Bakı- 2015 Avropa Oyunlarının açılış mərasimi Azərbaycan mədəniyyətini və ənənələrini bütün dünyaya tanıdacaq, ev sahibi olan şəhərin müasir Avropanın həyatındakı rolunu əks etdirəcək və o cümlədən yarışlarda iştirak edəcək idmançılarda qürur hissi yaradacaq.
Bakı- 2015 dinləmələrdə iştirak etmək istəyənləri cümə günü, iyunun 12-də yeni tikilmiş Milli Stadiona dəvət edir.
Bakı-2015-in mərasimlərin təşkili üzrə direktoru xanım Katerin Uqvu bildirib: "Cəlb ediləcək 6000 nəfər könüllü iştirakçı Avropa Oyunlarına ev sahibliyi edən Azərbayanın tarixi boyu ərsəyə gətirdiyi ən böyük canlı şouda çıxış etmək imkanı qazanacaq.
Bakı 2015 Avropa Oyunlarının açılış mərasimində Azərbaycan incəsənətinin, mədəniyyətinin və nailiyyətlərinin ən böyük uğurları nümayiş etdiriləcək. Bu qədər həvəsli iştirakçını bir arada görmək mükəmməl bir hissdir və mən əminəm ki, gələn dinləmələrdə iştirakçıların sayı daha çox olacaq”.
Afina 2004 Olimpiya Oyunlarında mərasimlərin bədii direktoru kimi gördüyü işlərlə böyük rəğbət qazanmış cənab Papaioannou deyib: "İştirakçı dinləmələrinə başladığımız üçün çox həyəcanlıyıq və növbəti həftələrdə daha çox könüllünü görməyə ümid edirik.”
Mərasimlərdə könüllü iştirakçı olmaq üçün yaşınız 18 və ya daha çox olmalıdır. Mərasim iştirakçısı olmaq istəyənlər daha ətraflı məlumat üçün bu ünvana daxil ola bilərlər: http://www.baku2015.com/az/join-us/apply-now
Qeyd edək ki, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi buyaxınlarda ilk Avropa Oyunları həyəcanını paylaşmaq üçün "Ailə günü” tədbirini keçirib. İşçi heyətinin ailə üzvləri gimnastika və qılıncoynatma idman növləri üzrə nümayişləri izləmək, canlı musiqidən zövq almaq və oyunların açılış mərasiminə geri sayımı qeyd etmək üçün Bakı- 2015-in baş ofisinə dəvət olunublar.
Hazırda Bakı- 2015-in işçi heyətində dünyanın 43 ölkəsindən 1200-dən çox nümayəndə təmsil olunur.