Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsi Çinin Mərkəzi Televiziyası ilə Oyunların bu ölkədə yayımlanmasına dair saziş imzalayıb.
Sazişə əsasən, Çinin Mərkəzi Televiziyasının "CCTV 5” və "CCTV 5+” idman kanallarına bu ölkə ərazisində müstəsna yayım hüquqları verilir. Təxminən 1,2 milyard tamaşaçı auditoriyası olan televiziya stansiyası vasitəsilə Oyunların açılış və bağlanış mərasimləri, eyni zamanda, hər bir idman növü üzrə keçiriləcək yarışlar nümayiş etdiriləcək.
Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə deyib: "Çinin Mərkəzi Televiziyası ilə ilk Avropa Oyunlarının bütün Asiyada çoxlu sayda idman azarkeşləri tərəfindən izlənməsini təmin edəcək saziş bağlamaqdan çox məmnunuq. Bakı-2015 Avropanın bir sıra elit idmançılarının yarışacağı möhtəşəm idman bayramı olacaq. Yarışların bütün dünyanın diqqət mərkəzində olacağını bilmək çox gözəldir”.
Sazişə görə, yarışlar Çinin Mərkəzi Televiziyasının bütün rəqəmsal media platformaları, o cümlədən internet və mobil rabitə vasitəsilə yayımlanacaq. Mərkəzi televiziya Çində idman yayımı sahəsində əsas media qurumudur. Televiziya həm yay, həm də qış Olimpiya Oyunları, eyni zamanda, Asiya Oyunları, futbol üzrə dünya çempionatı, UEFA Çempionlar Liqası və digər bütün əsas idman yarışlarının yayım hüququna malikdir.
Çinin Mərkəzi Televiziyasının rəhbəri Jen Hepin bildirib: "İlk Avropa Oyunları beynəlxalq idman təqvimində möhtəşəm hadisə olacaq. Biz Bakı-2015 ilk Avropa Oyunlarından ən yaxşı anları Çindəki idman azarkeşlərimizə nümayiş etdirəcəyimizə görə çox məmnunuq”.
Bakı-2015 bu günədək yarışların dünyanın 33 ölkəsində yayımlanmasını təmin edəcək yayım sazişləri imzalayıb. Belə sazişlərin yaxın gələcəkdə də imzalanacağı gözlənilir.
Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna qeyd edib: "Bu günə qədər bağladığımız yayım sazişlərindən çox məmnunuq. Həmin sazişlər İlk Avropa Oyunlarının dünyadakı idman azarkeşləri üçün yüksək keyfiyyətdə yayımlanmasını təmin edəcək. Bakı-2015 ilk Avropa Oyunlarına olan marağın qitənin hüdudlarını keçdiyini bilirik. On yeddi gün ərzində dünyanın diqqət mərkəzində olacaq idman yarışları keçirəcəyimizə ümid edirik”.