Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) gələn il Bakıda təşkil olunacaq I Avropa Oyunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ADMİU-nun elmi və yaradıcılıq işləri üzrə prorektoru, professor Məryəm Əlizadə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, "Xoreqrafiya sənəti və səhnə plastikası” kafedrasının professoru, Milli Olimpiya Komitəsinin üzvü Ağayusif Qurbanov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ADMİU-nun elmi və yaradıcılıq işləri üzrə prorektoru, professor Məryəm Əlizadə qonaqları salamlayaraq dövlətimizin təhsilə, gəncliyə xüsusi qayğısından söhbət açıb və universitetin fəaliyyəti, gördüyü işlər barəsində ümumi məlumat verib.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gənclərimizin, bütün sahələrdə fəallıq göstərdiklərini bildirib. O, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısını vurğulayıb, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanların ardıcıl və müntəzəm xarakter daşıdığını qeyd edib. Raqif Abbasov Bakıda keçiriləcək I Avropa oyunlarının Azərbaycan idmanın inkişafına təkan verəcəyini vurğulayıb.
"Ölkədə I Avropa Oyunları Azərbaycanı əyani olaraq görmək üçün minlərlə insana bir fürsət yaradacaq. Bu mötəbər idman tədbiri həmçinin Azərbaycanın idman modeli nümunəsinin öyrənilməsinə və ölkəmizdə dövlətin idman siyasətinə, sağlam həyat tərzinə verdiyi dəyərin yaxından təhlil edilməsinə şərait yaradacaq. I Avropa Oyunları Azərbaycanda fərdi idman növləri üzrə keçirilmiş yarışların təcrübəsinə müsbət təsir göstərəcək, kompleks idman yarışı təcrübəsinin də artırılmasına səbəb olacaq. İnanırıq ki, bu mötəbər idman bayramının ölkəmizdə təşkil olunması Azərbaycanın tarixini, iqtisadi gücünü bir daha dünyaya nümayiş etdirəcəkdir, - deyə Raqif müəllim bildirib”.
Tədbirin sonunda təhsildə və ictimai fəaliyyətdə fərqlənən tələbələr fəxri fəman və xatirə hədiyyələri ilə təltif olunublar.