Dekabrın 12-də Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi gələn il keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar mətbuat nümayəndələrinin akkreditasiyasına start verib.
Bakı-2015 Avropa Oyunlarında iştirak etmək istəyən mətbuat nümayəndələri ilk növbədə mətbuat ekstranetinə giriş üçün qeydiyyatdan keçməlidirlər.
Bakı-2015-dən verilən xəbərə görə, mətbuat nümayəndələrinin akkreditasiyadan keçməsi ilə bağlı qoyulan tələblər bütün mətbuat üzvlərinə tətbiq edilir. Yalnız yayım hüququna malik televiziya və radio yayım şirkətlərinin mətbuat akkreditasiyası üçün müraciət etmələrinə ehtiyac yoxdur.
2015-ci il martın 6 –sı müraciət üçün müddətin vaxtı başa çatır. Həmin vaxtdan sonra ediləcək müraciətlər qəbul edilməyəcək. Mətbuat ekstranetində akkreditasiyaya dair məlumatlardan əlavə, mətbuat nümayəndələri üçün Oyunlar müddətində mövcud olacaq imkanlar və xidmətlər haqqında, eləcə də, şəkil və videolardan ibarət geniş media kitabxanasına giriş barəsində mühüm məlumatlar öz əksini tapıb.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "İlk Avropa Oyunları bütün dünyanın zövq alacağı möhtəşəm idman bayramı olacaq və artıq dünya mətbuatını rəsmi olaraq bura, Bakıya dəvət etməkdən çox şadıq. Oyunları yaxından izləmək istəyən bütün mətbuat nümayəndələrini ən qısa zamanda akkreditasiya üçün müraciət etməyə çağırıram”.
Mətbuat ekstranetinə daxil olmaq və qeydiyyatdan keçmək üçün ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.
http://www.baku2015.com/az/news/press-extranet