Ötən həftə Azərbaycan yığmasının yeni baş məşqçisi Robert Prosineçki "Xəzər Lənkəran” - "Qəbələ” klubları arasındakı matçı tribunadan birbaşa izlədi. Oyundan sonra xorvatiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırdı. Robert Prosineçki bir neçə maraqlı məqama da toxundu. - "Xəzər Lənkəran” - "Qəbələ” komandalarının matçı barəsində nə deyə bilərsiniz?
- Təəssüf ki, yalnız bir komandanın ifasında yaxşı futbol izlədim. Bu da "Xəzər Lənkəran” idi. Bu komandanın oyunundan razı qaldım. Amma "Qəbələ” barədə eyni sözləri deyə bilmərəm. "Qarabağ” - "Neftçi” matçında isə hər iki komanda çətinlik çəkirdi. Bilmirəm nəyə görə. Həmin görüşün yalnız ilk hissəsinə baxdım. Deyə bilərəm ki, "Xəzər Lənkəran” - "Qəbələ” qarşılaşması daha maraqlı idi.
- Planınızda "Qarabağ” - "Neftçi” qarşılaşmasını izləmək yox idi. Sonradan fikrinizi dəyişməyə nə səbəb oldu?
- Vaxt baxımından ilk hissəni izləyə biləcəyimi gördüm və bu imkanı əldən vermək istəmədim. 45 dəqiqə izləsəm də, həmin oyundan razı qalmadım. Düzdür, 2 güclü komanda qarşılaşırdı və buna görə də oyunun çətin keçməyi başa düşüləndir.
- "Qəbələ”nin heyətindəki milli üzvlərinin çıxışı barədə nə deyə bilərsiniz?
- "Qəbələ” bu gün ümumilikdə zəif idi. Ad çəkmək istəmirəm. Ümumiyyətlə, "Qəbələ”nin heç bir futbolçusu məndə xoş təəssürat yaratmadı. Amma gələcəkdə bu komandanın digər görüşlərinə də baxacam.
- Gənc futbolçulara daha çox üstünlük verəcəyinizi demisiniz. İzlədiyiniz hər iki oyundakı gənclərin çıxışı sizi qane etdi?
- Bura gəldiyim ilk gündən istedadlı gənc futbolçular görmüşəm. Bugünkü oyunlarda da bəyəndiyim gənclər oldu. Gələcəkdə də bir neçə gənci yığmaya cəlb edəcəyimizi görəcəksiniz. Ümumiyyətlə, mən yaxşı futbolçuları sevirəm. Gənc və ya yaşlı olmasından asılı olmayaraq, kim yaxşı oynasa, o da yığmaya çağırılacaq.
- Azərbaycanda olduğunuz müddətdə xeyli oyun izləmisiniz. Yığmanı necə formalaşdıracağınızı artıq müəyyənləşdirmisiniz?
- Burada yaxşı oyunlar görmüşəm. Artıq yığmanın necə oynayacağını da müəyyənləşdirmişəm. Amma indi bunu açıqlamaq istəmirəm.
- Xorvatiya mətbuatı Yanko Yankoviçin sizin köməkçiniz olacağını yazıb. Bu, nə dərəcədə doğrudur?
- Kimlərin köməkçi məşqçi olacağını yaxın vaxtlarda biləcəksiniz. Hələ ki, bu, tam bəlli deyil.
- U-21 millisinə yeni baş məşqçi seçimi ilə bağlı AFFA rəhbərliyi sizin fikrinizi öyrənib?
- Məndən soruşublar, təkliflərimi də verəcəyəm. Həmçinin, Məşqçilər Komitəsinin də təklifləri olacaq. U-21 millisi bizim üçün çox vacibdir. Çünki həmin yığmanın üzvləri potensial A milli oyunçularıdır. Onlar U-21-dən sonra əsas komandaya keçirlər. Buna görə də, gənclər yığmasının baş məşqçisinin kimliyi də önəmlidir.
- Bir neçə gün əvvəl Məşqçilər Komitəsinin üzvləri ilə görüşdünüz. Bu görüşlə bağlı nə deyə bilərsiniz?
- Onlarla görüşümüz davam edəcək. Artıq Azərbaycanda yaşayacağımdan, bu cür görüşlər tez-tez keçiriləcək. Klubların baş məşqçiləri ilə də görüşəcəm.
- Komitə üzvləri ilə görüş sizdə hansı təəssürat yaratdı?
- Onlarla həm uşaq, həm də peşəkar futbolçularla bağlı ətraflı söhbət etdik. Əlbəttə, həmin mütəxəssislər ölkə futbolunun içində olduğundan daha çox məlumata sahibdirlər. Qarşılıqlı fikir mübadiləsi apardıq. Onların köməyindən istifadə edəcəm. İlk görüşümüz isə maraqlı alındı.
- Hazırda diqqət dünyanın ən yaxşı futbolçusunun kim olacağına yönəlib. Yığmamız adından bu sorğuya Mahmud Qurbanov cavab verib. Sizin seçim etmək imkanınız olsa idi, hansı futbolçuya səs verərdiniz?
- Mənim üçün ən yaxşı futbolçu Messidir. O, əla futbolçudur. Amma 2014-cü ildə dünya çempionatının keçirildiyini də nəzərə alsaq, Manuel Noyerlə Aryen Robbenin də adını qeyd etmək olar. Almaniyalı qapıçı olduğundan, üstünlüyü Robbenə verərdim.