Ölkəmiz idmanda ürəkaçan nailiyyətlər qazanır. İstər respublika daxilində, istərsə də xarici ölkələrdə keçirilən müxtəlif yarışlarda idmançılarımız qələbələr, nailiyyətlər əldə etmək uğrunda ciddi mübarizə aparırlar. Sevindirici haldır ki, Azərbaycan idmançıları beynəlxalq miqyasda doğma Vətəni layiqincə təmsil edirlər. Əlbəttə ki, bu uğur heç də asanlıqla qazanılmayıb. Bu, ilk növbədə, dövlətin yeritdiyi düzgün siyasətin nəticəsi kimi qəbul olunmalıdır. Azərbaycan dövlətinin idmana olan qayğısı öz bəhrəsini verməkdədir. Gənc nəslə etibar və etimad göstərən, onun hərtərəfli inkişafına geniş meydan verən dövlətimizin qazandığı uğurlar yüksələn xətlə inkişaf edir.
Şübhəsiz ki, idmançılarımızın nailiyyətləri mətbuatda, televiziyada, həmçinin fotolarda öz əksini tapır. Azərbaycanın təcrübəli, istedadlı fotoqrafları idmanda baş verən maraqlı anları məharətlə qeydə alırlar. Gənclər və İdman Nazirliyinin fotoqrafı Dilavər Nəcəfov da öz işinin peşəkarıdır. Sevindirici haldır ki, Dilavər Nəcəfov buyaxınlarda Böyük Britaniyada fəaliyyət göstərən Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə "Azərbaycan idmanı fotokamerada” mövzusunda keçirilən müsabiqənin qalibi olub. Müsabiqənin təşkilində əsas məqsəd 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının təbliğatı ilə bağlı olub. Diləvər Pekin-2008 Yay Olimpiya Oyunlarında gimnastımız Aliyə Qarayevanın lentlə çıxışını əks etdirən fotosuna görə müsabiqənin qalibi seçilib. Müsabiqədə qalib gəlmiş 70-dən artıq foto Avropanın bir sıra ölkələrində təşkil edilən sərgilərdə nümayiş olunacaq. Qeyd edək ki, bu sərginin ilk nümayişi məhz bizim ölkəmizdə təşkil olunacaq. Qalibi təbrik etmək və nailiyyətlərindən danışmaq üçün onunla "Olimpiya dünyası”nın redaksiyasında görüşdük. O, bizə müsabiqədə qalib gəlməsindən, Olimpiya oyunlarında, dünya, Avropa çempionatlarında fotoqraf kimi iştirakı və maraqlı xatirələrindən danışdı.
- Maraqlıdır, necə oldu ki, sizdə fotoqraf sənətinə həvəs oyandı?
- Atam həvəskar şəkil çəkən idi. O, şəkilləri özünün fotoaparatı ilə çəkirdi. Atamın şəkil çıxarmaq üçün də ləvazimatı var idi. Bu iş mənə çox maraqlı gəlirdi. Mən həmişə atamın yanında dayanıb onun gördüyü işə baxırdım. Elə bu maraq da məni keçmiş "26-lar bağı”nın yaxınlığında yerləşən foto dərnəyinə apardı. Orada Mirnaib Həsənoğludan fotonəzəriyyəni öyrəndim. Bundan sonra Rasim Sadıxovun yanında 3 il təcrübə keçərək sərbəst fəaliyyətə başladım. Adını çəkdiyim bu iki insana ömrüm boyu minnətdaram.
- Qalib olacağınızı gözləyirdinizmi?
- Müsabiqə elən olunduqdan sonra, oktyabr ayının əvvəllərində Londona üç şəkil göndərmişdim. Bu fotolardan ikisi Elnur Məmmədliyə, biri isə Aliyə Qarayevaya aid idi. Düzü, qalib gələcəyimi gözləmirdim. Görünür, müsabiqəyə göndərdiyim şəkil münsiflərin xoşuna gəlib. Belə bir nüfuzlu müsabiqədə qalib olmaqdan və Azərbaycanı təmsil etməkdən qürur duyuram.
- Gələn il ölkəmizdə ilk dəfə olaraq keçiriləcək Avropa Oyunlarında bir fotoqraf kimi sizin də üzərinizə böyük məsuliyyət düşür...
- Avropa Oyunlarının ölkəmizə həvalə edilməsi ən böyük uğurlarımızdan biridir. Azərbaycan bu oyunları keçirməklə bir tarix yazacaq. Ölkəmizin şan-şöhrəti, nüfuzu daha da artacaq. Respublikamızda indiyədək bir sıra mötəbər yarışlar, beynəlxalq turnirlər təşkil olunub. Avropa Oyunları isə, dediyim kimi, ölkəmizin ev sahibliyi edəcəyi ən böyük yarış olacaq. Mən bir sıra beynəlxalq yarışlarda, Olimpiya oyunlarında maraqlı məqamları lentə almışam. Bakı-2015 Avropa Oyunlarında da məsuliyyətlə çalışacağam. Əlimdən gələni edəcəyəm ki, bu mötəbər yarışda çəkdiyim şəkillər Azərbaycanın idman tarixində yer alsın.
- Niyə məhz idman sahəsini seçmisiniz?
- İdmana uşaqlıqdan böyük marağım olub. Bir vaxtlar güləşlə də məşğul olmuşam. Foto sənətinə gəldikdə isə, mən idmandan əlavə, mənzərə və insan fotoşəkilləri çəkməyi də sevirəm. İdman sahəsinə gəlməmişdən əvvəl Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Ədəbiyyat” qəzetində işləmişəm. Məndə elə görkəmli insanların şəkilləri var ki, artıq onlar həyatda yoxdurlar. 1991-ci ildə Bakı Dövlət Filarmoniyasında Yazıçılar Birliyinin qurultayı keçirilirdi. Mən ilk dəfə ümummilli liderimiz Heydər Əliyevi orada yaxından gördüm. Həmin vaxt 17 yaşım var idi. Dahi insanın belə yaxından gördüyüm üçün çox sevinirdim.
- Hansı mötəbər yarışlarda iştirak etmisiniz?
- 2004-cü ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya Oyunlarında, Pekin-2008 Olimpiadasında, həmçinin 2012-ci ildə Londonda təşkil olunan Olimpiya oyunlarında nümayəndə üzvü kimi iştirak etmişəm. Bundan başqa, 2005-ci ildə Səudiyyə Ərəbistanının Məkkə, Mədinə, Ciddə və Taif şəhərlərində keçirilən I İslam Həmrəyliyi Oyunlarına yollanan nümayəndə heyətinin tərkibində yer almışam. Türkiyənin Trabzon şəhərində (2007-ci il) keçirilən I Qaradəniz Oyunları, Yaponiyanın Tokio şəhərində (2008-ci il) təşkil olunan karate üzrə dünya çempionatında fotoqraf kimi iştirak etmişəm. Bu il Rusiyanın Soçi şəhərinin ev sahibliyi etdiyi Qış Olimpiya Oyunlarında və Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında maraqlı anları fotokameranın obyektivinə köçürmüşəm.
- Bu möhtəşəm oyunlarla bağlı, yəqin ki, yaddaqalan xatirələriniz çoxdur... - Əlbəttə, xatirələr yetərincədir. Elə məqamlar var ki, insan onu heç vaxt unuda bilmir. Belə məqamlardan biri Afina-2004 Yay Olimpiya Oyunlarında yaddaşıma yazılıb. Qeyd edim ki, mən Afinaya fotoqraf kimi getməmişdim. Nümayəndə heyətinin tərkibində yer almışdım. Həmin oyunlarda güləşçimiz Fərid Mansurovun final qarşılaşmasını tribunadan həyəcanla izləyirdik. Əmin idik ki, Fərid Olimpiya çempionu titulunu qazanacaq. Belə də oldu. Güləşçimizin qələbə anını azərbaycanlı azarkeşlər böyük coşqunluqla qeyd etdilər. Olimpiya çempionumuzu azarkeşlər elə sevincilə atıb-tuturdular ki... Həmin anları sözlə ifadə etmək asan deyil. Onları yaşamaq, hiss etmək lazımdır. Yadımda qalan digər məqam 2008-ci ildə Pekində Elnur Məmmədlinin qazandığı qələbə anıdır. Cüdoçumuz öz möhtəşəm qələbəsi ilə hamımızı sevindirdi. Qeyd edim ki, Elnurun Pekindəki final görüşünü xronoloji ardıcıllıqla lentə almışam. 2012-ci ildə Londonda keçirilən Olimpiya oyunları da yaddaşıma həkk olunub. Xatırlayırsınızsa, olimpiadanın ilk günlərində Azərbaycan idmançıları medal qazana bilmirdilər. Nümayəndə heyətimizin üzvlərinin hər birinin üzündə gərginlik, narahatlıq hiss olunurdu. Orada lentə aldığım şəkillərdə bu məqamlar daha aydın nəzərə çarpır. Lakin sonrakı günlərdə əldə edilən medallar hamımızın sevincinə səbəb oldu. Güləşçilərimiz Toğrul Əsgərovla Şərif Şərifovun qazandığı qızıl medalların bəxş etdiyi sevinc hisslərini isə sözlə ifadə etmək mümkün deyil. Azərbaycan bayrağının Londonda ən yüksəkdə iki dəfə dalğalandırılması, himnimizin səsləndirilməsi hər birimizdə qürur hissi yaratdı. Güləşçilərimizin mükafatlandırılma mərasimini lentə almaq üçün hər bir fürsətdən istifadə etməyə çalışırdım. Fotoreportyorlar həddindən artıq çox olduğu üçün imkan tapmaq asan olmurdu. Bununla belə, həm Toğrulun, həm də Şərifin mükafatlandırma anlarını çəkə bildim. Olimpiya oyunlarında lentə aldığım şəkillər arxivimin bəzəyidir.
Leyla Əsədova