Bakı-2015 Avropa Oyunları ilk beynəlxalq idman elçilərini elan edib

Bakı-2015 Avropa Oyunları ilk beynəlxalq idman elçilərini elan edib


Bakı-2015 Avropa Oyunları ilk beynəlxalq idman elçilərinin adlarını açıqlayıb. Yüksək səviyyəli beynəlxalq idmançılar öz idman növlərini təmsil etmək üçün seçilmiş və ilk Avropa Oyunlarını təşviq etmək məqsədilə bütün qitədə keçiriləcək marketinq kampaniyalarına cəlb olunacaqlar.
Fransalı bədii gimnast Kseniya Moustafayeva və danimarkalı Kanoe sprintçisi Rene Holten Poulsen, o cümlədən serbiyalı Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Dejan Majstoroviçdən ibarət basketbol 3x3 komandası Bakı-2015 Avropa Oyunlarının idman elçisi təyin ediliblər.
Bakı -2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleqin sözlərinə görə, elçi proqramının məqsədi bütövlükdə Avropadan olan yüksək səviyyəli idmançıların, o cümlədən Azərbaycandan olan medala namizəd atletlərin ilk Avropa Oyunlarına dəstəyini təmin etməkdir. Saymon Kleq deyib: "Mən beynəlxalq idman elçilərini təbrik edirəm və biz həm onlarla, həm də Bakı-2015 Avropa Oyunlarını təşviq etmək üçün növbəti aylarda elan ediləcək digər elçilərlə işləməyi səbirsizliklə gözləyirik.”
Qeyd edək ki, 6 nəfər idmançı Avropa Oyunlarını təşviq etmək üçün öz vətənlərində və sosial mediada geniş miqyaslı marketinq kampaniyalarında iştirak edəcəklər.
Dünyanın məşhur idmançılarından biri olan 29 yaşlı Domoviç Bulut deyib: "3x3 formatda basketbol idman növünün Avropa Oyunlarına daxil edilməsi olduqca həyəcanvericidir və biz azarkeşlərin bu oyunun sürətini və imkanlarını bəyənəcəyindən əminik. Bakı-2015-də Avropanın digər nüfuzlu komandaları ilə yarışmağı səbirsizlikıə gözləyirik.”
19 yaşlı Fransalı bədii gimnast Kseniya Moustafayeva bildirib: "Bakı- 2015-də gimnastikanı təmsil edəcəyim üçün çox həyəcanlıyam. Proqramına gimnastikanın 5 növünün daxil edildiyi Avropa Oyunlarında Avropanın ən yaxşı idmançılarının iştirak edəcəyi möhtəşəm bir tədbir olacağına əminəm”.
Pekin-2008 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı 26 yaşlı cənab Poulsen: "Bakı -2015-də keçiriləcək kanoe sprinti yarışlarının yaddaqalan olacağı şübhəsizdir və ilk Avropa Oyunlarında bu idman növü üzrə elçi təyin olunmağım olduqca qürurvericidir.”
Qeyd edək ki, Bakı- 2015 buyaxınlarda 11 nəfər azərbaycanlı idman elçisini təqdim edib və yaxın gələcəkdə daha çox sayda beynəlxalq idman elçisinin elan edilməsi nəzərdə tutulub.