Olimpiya idman növlərinə aid olan stolüstü tennisin inkişafı üçün Azərbayanda son illərdə bir sıra mühüm işlər görülür. Belə ki, ilin əvvəlində bu idman növü üzrə milli komandanın məşqçilər korpusunda edilən dəyişiklik bu inkişafa öz təsirini göstərir. Məlumat üçün bildirək ki, bu ilin yanvar ayında stolüstü tennis üzrə yığma komandaya əcnəbi mütəxəssis, polşalı Leşek Kuxarski rəhbərlik etməyə başlayıb. Polşalı mütəxəssisin qarşısına yığma komandanı 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlamaq tapşırığı qoyulub. Zamanının məşhur idmançısı olan Kuxarski Avropada reytinq üzrə IV, dünyada XI yerin sahibi olub. O, 1989-cu ildə dünya çempionatında qoşa yarışların gümüş mükafatına layiq görülüb. 1985-ci il (komanda) və 1987-ci il (qoşa) dünya çempionatlarında III yerə sahib çıxıb. Polşalı mütəxəssis 1986-cı il Avropa çempionatında (şəxsi) gümüş medal qazanıb. 1991-ci ildən məşqçilik fəaliyyəti ilə məşğul olan Leşek Kuxarski 20 il Polşa yığmasına rəhbərlik edib. 2011-ci ildə Hindistan millisinə dəvət olunan məşqçi rəhbərlik etdiyi komandaya London Olimpiadasına vəsiqə qazandırıb.
Buyaxınlarda Leşek Kuxarski ilə görüşdük. Baş məşqçi komandamızın I Avropa Oyunlarına hazırlığı və qarşıdakı planları barədə danışdı.
- Artıq bir ildir ki, komanda sizə həvalə edilib. Tennisçilərimizin hazırlıq səviyyəsi necədir? Əvvəlki illərlə müqayisə etsək, hansı mənzərə ilə qarşılaşarıq? - Bildiyiniz kimi, 2014-cü ilin yanvar ayından Azərbaycanın tennis üzrə milli komandasına rəhbərlik edirəm. Artıq həmin tarixdən bir il keçir. İlin sonunda komandanın hazırlıq səviyyəsi qiymətləndiriləcək. Bu qiymətləndirmədən sonra tennisçilərin hazırlığının hansı səviyyədə olduğu müəyyənləşəcək. Bizim əsas məqsədimiz, hər şeydən əvvəl, komandanın hazırlıq səviyyəsini yüksəltməkdir. Qeyd etməliyəm ki, komandanın hazırlıq səviyyəsi çox aşağı idi. Lakin ötən ilə nəzər salsaq görərik ki, hazırda yığmada böyük dəyişiklik var.
Komandamız Polşanın Qdansk şəhərində bir neçə dəfə təlim-məşq toplanışında iştirak etdi. Bu hazırlıqların məntiqi nəticəsi olaraq komandada irəliləyiş hiss olunur. Fikrimcə, təlim-məşq toplanışlarının komandaya çox köməyi dəydi. Hətta deyə bilərəm ki, Qdanska aparılan stolüstü tennisçilərdə təkcə taktiki baxımdan deyil, fiziki cəhətdən də irəliləyiş hiss olunur.
- Gələn ilin fevral ayında paytaxtımızda ilk dəfə olaraq stolüstü tennis üzrə "2015 İTTF - Europe TOP-16” kuboku keçiriləcək. Bildiyimizə görə, bu yarışda komandamız iki idmançı ilə təmsil olunacaq.
- Bəli. Qeyd etdiyiniz kimi, 2015-ci ilin yayında Bakının ev sahibliyi edəcəyi I Avropa Oyunlarına hazırlıq çərçivəsində fevralın 6-8-də ölkəmizdə "2015 İTTF - Europe TOP 16” kuboku keçiriləcək. Bu yarışda Avropanın ən güclü 15 kişi və 15 qadın tennisçisi mübarizə aparmaq üçün Bakıya gələcək. Ölkəmiz həmin yarışda bir kişi və bir qadın tennisçi ilə təmsil olunacaq. Kişilərin yarışında yığmanın təcrübəli oyunçusu Fərhad İsmayılov komandamızı təmsil edəcək. Çünki o, kişilər arasında ən güclü idmançımızdır. Buna görə də biz, məhz onun bu yarışda iştirak etməsinin tərəfdarı olduq. Qadınlar arasında isə yığma komandamızın üç aparıcı oyunçusu Bilurə Eminova, Məryəm İmanova və Rüfət Quliyeva bu yarışda iştirak etməyə əsas namizədlər idilər. Təbii ki, bu idmançılar arasında seçim etmək çox çətin olacaqdı. Çünki hər üç tennisçinin reytinq dərəcələri eynidir. Seçim üçün bu üçlük arasında müəyyənedici görüşlər keçirilidi. Bu görüşlərdən sonra yığma komandanın üzvü, "NN” klubunun təmsilçisi Məryəm İmanova kubok yarışlarında iştirak etmək hüququ qazandı.
- Gələcək üçün hansı perspektivlər görürsünüz?
- Fikrimcə, Stolüstü Tennis Federasiyası (STF) düzgün siyasət aparır. Federasiyanın qarşısında böyük məqsədlər var. Bu məqsədlərə çatmaq üçün federasiya rəhbərliyi böyük işlər görür. STF rəhbərliyi də bizə çox kömək edir. Qeyd etməliyəm ki, hər bir uğurun əsasında məşq dayanır. İdmançıların psixologiyası da artıq formalaşıb, onlarda özlərinə inam artıb. Yəni komandada psixoloji cəhətdən əhval-ruhiyə yüksək səviyyədədir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün böyük işlər görülür, təlim-məşq toplanışları keçirilir. Fikrimcə, bütün bu hazırlıqlar öz bəhrəsini verəcək. Stolüstü tennis kənardan baxan üçün asan görünür. Lakin bu idman növü cəldliyi, düşüncəni və fiziki hazırlığı özündə birləşdirir. Stolüstü tennisə üz tutmaq istəyən hər bir insan 6 yaşından bu idman növü ilə məşğul olmalıdır. Hər bir tennisçinin normal səviyyədə inkişaf etməsi üçün ən azı 12 il lazımdır.
- Komandamız tez-tez ölkə hüdudlarından kənarda təlim-məşq toplantılarında iştirak edir. Növbəti il üçün belə toplantılar nəzərdə tutulubmu?
- Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə komandamız bu il Polşada, Çində bir sıra təlim-məşq toplantılarında iştrak etdi. Polşada hazırlıqlar üçün çox gözəl şərait var. Buna görə də biz əsas təlim-məşq toplantılarımızı Polşada keçirik. Bütün hazırlıqlar proqram üzrə aparılır. Qdanskda keçirilən təlim-məşq toplantılarında tennisçilərimiz əsasən yerli idmançılarla birgə sparrinq-tərəfdaş kimi məşq keçirlər. Bu təlim-məşq toplantılarında yerli idmançılar komandamızın üzvləri ilə təcrübələrini bölüşürlər. Biz Qdanskda həm də idmançıların fiziki hazırlıq səviyyəsinin, texniki və taktiki ustalıqlarının artırılması istiqamətində çalışırıq. Tennisçilərimiz orada gün ərzində iki dəfə olmaqla 6 saatlıq məşq keçirlər. Xüsusi qeyd etmək istəyirəm ki, komandada çox yaxşı nizam-intizam var. Hər bir idmançı məşq saatlarına düzgün riayət edir. Fikrimcə, hazırlıqlar bu qaydada gedərsə, gələcəkdə uğurlu nəticə əldə etmək olar.
Bundan əlavə, Bakıda "Şüa” İdman Sağlamlıq Kompleksində stolüstü tennisçilərimizin təlim-məşq toplantısı keçirildi. Həmin toplantıda yığma komandanın üzvləri və yeniyetmə tennisçilər iştirak etdilər. Onu da deyim ki, bu toplantıda Polşadan Bakıya dəvət olunmuş 3 oğlan və 1 qız idmançı da sparrinq - tərəfdaş kimi tennisçilərimizlə birgə məşq keçdilər. Biz çalışırıq ki, idmançılarımız daha təcrübəli tennisçilərlə məşq etsinlər və hazırlıq səviyyələrini artırsınlar. Düşünürəm ki, tennisçilərimizin başqa ölkənin idmançıları ilə tərəfdaş kimi, məşq etməsi komandaya böyük kömək olacaq.
- Maraqlıdır, qarşıdakı il üçün hansı planlarınız var?
- Gələn il komandamız bir sıra turnirlərdə iştirak edəcək. Qeyd etdiyim kimi, tennisçilərimiz fevral ayında "2015 İTTF - Europe TOP-16” kubokunda qüvvəsini sınayacaq. Bu yarışdan sonra isə əsas diqqətimizi mart ayında Çində təşkil olunacaq dünya çempionatına yönəldəcəyik. İyun ayında isə stolüstü tennisçilərimiz Bakıda keçiriləcək I Avropa Oynlarında mübarizə aparacaqlar. Bundan əlavə, Polşada ən azı üç təlim-məşq toplanışında iştirak etməyi də nəzərdə tuturuq.
- Paytaxtımız 2015-ci ildə I Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu mötəbər yarışda stolüstü tennisçilərimiz də mübarizə aparacaqlar. Komandamızın Avropa Oyunları üçün heyəti nə vaxt açıqlanacaq?
- Bu yarış bütün Avropanın diqqət mərkəzində olacaq. Sevindirici haldır ki, tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarının proqramına stolüstü tennis də daxil edilib. Bizim gələn il üçün əsas planlarımız Bakı-2015 ilə bağlıdır. I Avropa Oyunlarında komandamız üç oğlan və üç qız idmançı ilə iştirak edəcək. Bu mötəbər yarışda hansı heyətlə təmsil olunacağımız isə hələlik məlum deyil. 4 oğlan və 3 qız tennisçimiz var ki, onlar bu yarışda iştirak etməyə real namizəddirlər. Biz qarşıdakı aylarda bu idmançılar arasında seçim aparacağıq. Fikrimcə, əsas heyətə düşmək üçün çox güclü rəqabət olacaq. Həm reytinq, həm də şəxsi göstəricilər baxımından üstün olan idmançılara yer verəcəyik. Hələ vaxta var. Yəqin ki, Avropa Oyunlarına bir-iki ay qalmış yarışda iştirak edəcək heyət müəyyənləşəcək.
- Bir neçə dəfə paytaxtımızda olmusunuz. Bakı sizə necə təsir bağışlayır?
- Beşinci dəfədir ki, Bakıya səfər edirəm. Hər səfərimdə Bakının bir qədər də gözəlləşdiyinin, sürətli inkişafının şahidi oluram. Yeni binalar tikilir, parklar salınır. Mən bu gözəlliyi hiss etmək üçün axşamlar Dənizkənarı Milli Parka gəzintiyə çıxıram. Bir sözlə, Bakı ilə bağlı təəssüratlarım çox gözəldir.
Azər Əlizadə