Qazaxıstan Milli İdman Növləri Assosiasiyası qazax milli oyunlarının pərəstişkarlarını paytaxtdakı Konqres-holla toplayaraq, ötənilki fəaliyyətinə yekun vurub.
Təşkilatın əlaqələndiricisi Albert Mursəlimov yerli KİV-lərə ilin əvvəlində nəzərdə tutulan bütün tədbirlərin tam həcmdə görüldüyünü bildirib.
O, xüsusilə Astanada audarıspak (atlılar arasında mübarizə növlərindən biri) milli oyunu üzrə I açıq Asiya çempionatını vurğulayıb. Turnirdə Azərbaycan, Monqolustan, Tacikistan, Özbəkistan, Əfqanıstan, Rusiya, Qırğızıstan, Çin və Macarıstandan 11 komanda iştirak edib.
İştirakçıların mütləq çəki kateqoriyasında (80 kiloqram və ondan artıq) çıxış etməsi bu oyunları fərqləndirən cəhət olub. Gərgin mübarizə şəraitində keçən turnirdə Qazaxıstan komandası birinci yeri tutaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilib.
Yarışların yekunlarına görə, Qazaxıstan nümayəndələri xarici həmkarlarına Türkdilli Xalqların Ənənəvi İdman Növləri Assosiasiyasını yaratmaq təklifi ilə müraciət ediblər. Onların fikrincə, belə bir təşkilat türkdilli xalqların milli idman növlərini birlikdə inkişaf etdirməyə və bu idman növlərinin dünyada təbliğinə kömək edə bilər.
Qazaxıstanın bu təşəbbüsünü iştirakçı ölkələrin hamısı dəstəkləyib və həmin qərarı öz imzaları ilə təsdiq ediblər.