Bakı-2015 birinci Avropa Oyunları “Coca-Cola” şirkəti ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalayıb

Bakı-2015 birinci Avropa Oyunları “Coca-Cola” şirkəti ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalayıb


Yanvarın 15-də "Fairmont Baku” mehmanxanasında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) və "Azərbaycan Coca-Cola Bottlers” Ltd. MMC arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb.
Əvvəlcə birinci Avropa Oyunlarına həsr olunan videoçarx nümayiş etdirilib.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakı-2015-ə hazırlığın yüksək səviyyədə getdiyini diqqətə çatdırıb, müqavilənin əhəmiyyətini yüksək qiymətləndirib.
Nazir bildirib ki, birinci Avropa Oyunları bütün qitəni sülh və dostluq ruhunda birləşdirəcəkdir. Bu müqavilə Bakı-2015-in əhali arasında daha da populyarlaşmasına xidmət edəcək. Azad Rəhimov deyib ki, beynəlxalq aləmdə tanınmasını və mühüm beynəlxalq idman yarışlarına hər zaman dəstək olmasını nəzərə alaraq "Coca-Cola” brendini Bakı-2015 üçün mükəmməl tərəfdaş hesab edirəm.
"Coca-Cola”nın Türkiyə, Qafqaz və Mərkəzi Asiya regionunun biznes üzrə prezidenti xanım Galya Frayman Molinas müqavilənin hər iki tərəf üçün əhəmiyyətli olacağını diqqətə çatdırıb. Bildirib ki, şirkətimiz 80 ildir dünyada Olimpiya hərəkatının inkişafına dəstək verir. Qitəni idman bayramında və fəal həyat tərzi yaşamaqda bir araya gətirəcək yeni və innovativ yarış olan Avropa Oyunlarına dəstək göstərmək gözəl imkandır. Bizim BAOƏK ilə əlaqələrimizin inkişaf etdiriləcəyinə ümid bəsləyirəm.
Rəhbərlik etdiyi şirkətin Azərbaycanda idman sahəsində həyata keçirdiyi layihələr haqqında məlumat verən Galya Frayman Molinas ölkəmizdə fəal və sağlam həyat tərzinin təbliğ olunması istiqamətində görülən işlər barədə danışıb.

BAOƏK-nın əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Bakı-2015-in açılış mərasiminə 148 günün qalmasına baxmayaraq, hazırlığın sürətlə və plan üzrə getdiyini bildirib. Vurğulayıb ki, hazırda BAOƏK-da 1255 işçi çalışır. Peşəkar komandanın birgə fəaliyyəti nəticəsində qitədə ilk dəfə təşkil olunacaq Avropa Oyunları özündən sonra azərbaycanlılar üçün zəngin bir irs miras qoyacaq.
Sonra Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, "Coca-Cola”nın Türkiyə, Qafqaz və Mərkəzi Asiya regionunun biznes üzrə prezidenti xanım Galya Frayman Molinas və "Azərbaycan Coca-Cola Bottlers” Ltd. MMC-nin baş direktoru Cem Becel tərəfdaşlıq müqaviləsini imzalayıblar.
"Coca-Cola” şirkəti "Azərbaycan Hava Yolları”, bp, "Nar Mobile”, "P&G”, SOCAR və "Tissot”dan sonra Bakı-2015 Avropa Oyunlarının yeddinci rəsmi tərəfdaşıdır.