Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi birinci Avropa Oyunlarında könüllülərin "Alov qoruyanlar” ("Flamekeepers”) kimi tanınacaqlarını elan edib.
Bu ad yarışın ruhunun təbliğində könüllülərin mərkəzi rolunu əks etdirir, eyni zamanda, Odlar Yurdu Azərbaycana olan hörməti, xalqımızın həyəcanını və mehribanlığını tərənnüm edir.
Azərbaycanın gənclər və idman naziri, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib ki, Oyunların könüllü proqramı gənclərin bu mötəbər yarışa qoşulması və beynəlxalq arenada Azərbaycanı dəstəkləməsi üçün gözəl imkan yaradır. Bizim bütün "Alov qoruyanlar”ımız Azərbaycanda böyük multiidman yarışının keçirilməsi sahəsində daimi irs qoyan proqram sayəsində ölkəmizin tarixindəki bu möhtəşəm anı paylaşacaq və çox mühüm təcrübə qazanacaqlar. "Alov qoruyanlar” Oyunlar ərzində əsas vəzifələri yerinə yetirəcək, o cümlədən idmançılar və rəsmi şəxslərə kömək edəcək, idman yarışlarında işləyəcək, tamaşaçılara və media nümayəndələrinə dəstək göstərəcəklər.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib ki, istənilən böyük idman yarışında idmançılar yarışın ürəyi və könüllülər isə ruhu hesab olunurlar. "Alov qoruyanlar” bu yay Bakı-2015 Avropa Oyunlarının möhtəşəm idman bayramına çevrilməsinə kömək göstərəcək və daimi bir irs yaradacaqlar. Bu irs sayəsində Azərbaycan gələcəkdə bir sıra böyük beynəlxalq yarışlara ev sahibliyi edən zaman könüllü atəşini alovlandıracaq.
"Alov qoruyanlar” Avropanın birinci multiidman yarışlarına verəcəkləri töhfənin əvəzində yarış obyektlərinə pulsuz nəqliyyat xidməti, uniforma, qida və Bakı-2015 könüllü proqramının rəsmi tərəfdaşı olan "Nar Mobile” tərəfindən verilən "SİM kart”dan yararlanacaqlar.
Oyunlar üçün könüllülərin cəlb olunması prosesi davam edir və 16 mindən çox könüllü seçilmək üçün onlayn qeydiyyatdan keçib. Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi həftəlik əsasda yüzlərlə müsahibələr aparır və iyun ayının 12-si Oyunlar başlayanadək 12 min 500 nəfər könüllünü işlərə cəlb edəcək.
Xatırladaq ki, "Nar Mobile” Bakı-2015-in rəsmi mobil telekommunikasiya xidməti təminatçısıdır və könüllülərin cəlb olunması üçün Oyunların reklam, sosial media kanalları, mətn məlumatlarının ötürülməsi xidməti və bir neçə qısa film vasitəsilə təbliğ edilməsinə də kömək göstərir.