Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bu ölkənin "Əl-Gad Əl-Arabi” televiziya kanalına 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı müsahibə verib.
Ş.Abdullayev Bakı-2015 ilk Avropa Oyunlarının Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib, idmanın və Olimpiya Hərəkatının ölkəmizin siyasətinin mühüm bir hissəsi olduğunu vurğulayıb.
Səfir Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq Olimpiya Hərəkatına qoşularaq, idman potensialını tam nümayiş etdirmək imkanı əldə etdiyini, artıq 2000-ci ildə Sidney şəhərində öz milli Olimpiya komandası ilə çıxış etdiyini, həmin yarışlarda azərbaycanlı idmançıların ikisi qızıl, biri bürünc olmaqla 3 medal qazandıqlarını xatırladıb.
Azərbaycanın 2012-ci ildə Londonda keçirilmiş yay Olimpiya oyunlarında 10 medal qazandığını qeyd edən səfir dünyanın 200 ölkəsi arasında Azərbaycanın 30-cu, Avropa ölkələri arasında isə 15-ci yeri tutduğunu bildirib.
Səfir Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı ölkədə ciddi hazırlıq işlərinin aparıldığını və 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək oyunlarda 49 ölkədən 6000-dən artıq idmançının 20 idman növündə mübarizə aparacağını tamaşaçıların diqqətinə çatdırıb.
İlk Avropa Oyunları üçün tikilən yeni stadionun 65 min azarkeş üçün nəzərdə tutulduğunu və Qafqazda ən böyük stadion sayıldığını qeyd edən Ş.Abdullayev görülən işlərin Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, Bakı-2015-in Ərəb Dövlətlərinin Yayım Birliyi ilə bağladığı sazişə əsasən, Avropa Oyunlarının Orta Şərq və Şimali Afrika üzrə 20 ölkədə yayımlanacağını söyləyib.
Azərbaycan hökumətinin gənclərə və idmana verdiyi xüsusi önəmdən danışan Ş.Abdullayev son on il ərzində ölkədə 40-dan çox olimpiya idman kompleksinin inşa edildiyini diqqətə çatdırıb.
Səfir 2014-cü il avqustun 31-də Çinin Nankin şəhərində 29 idman növü üzrə gənclər arasında keçirilmiş yarışlarda 200-dən artıq ölkənin iştirak etdiyi Yeniyetmələrin II yay Olimpiya Oyunlarında Azərbaycanın yığma komandasının 5-i qızıl olmaqla 10 medal qazanması və bununla da dünya ölkələri arasında 10-cu yeri tutması barədə məlumat verib.
Azərbaycanda Bakı-2015 ilk Avropa Oyunlarının keçirilməsinin başlıca səbəblərinə toxunan Ş.Abdullayev ölkənin iqtisadiyyatının surətlə inkişaf etdiyini, təbii sərvətlərdən, neft və qazdan əldə olunan gəlirlərin düzgün idarəçilik siyasəti əsasında digər sahələrin inkişafına yönəldildiyini, dünya dövlətləri ilə səmərəli əməkdaşlıq həyata keçirildiyini, Olimpiya oyunlarında azərbaycanlı idmançıların nailiyyətlər qazandığını diqqətə çatdırıb. Bununla da Azərbaycanın ilk Avropa Oyunlarının Bakıda keçirilməsinə nail olduğunu vurğulayıb. Digər tərəfdən, Bakı-2015 ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin dünya dövlətlərinin diqqətini cəlb edəcəyini, eyni zamanda, ölkənin həm idman, həm də turizm sahələrini daha da inkişaf etdirəcəyini, iştirakçı ölkələr arasında birlik və həmrəylik yaradacağını qeyd edib.
Səfir fürsətdən istifadə edərək, Azərbaycanın əsas problemi sayılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub və ərazimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu söyləyib. O, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqlarının tərk edilməsinə dair dörd qətnaməsinə Ermənistan tərəfindən məhəl qoyulmadığını vurğulayıb.
Səfir sözügedən münaqişənin hələ də davam etməsinə baxmayaraq, Azərbaycanda siyasi sabitliyin hökm sürdüyünü, iqtisadi inkişaf tempinin artdığını qeyd edib. Diplomat ölkənin inkişafının əsasında məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin durduğunu vurğulayıb. O, düzgün idarəçilik sistemi əsasında Azərbaycanın son illər ərzində irəliyə doğru uğurlu addımlar atdığını diqqətə çatdırıb.
Veriliş zamanı Azərbaycanın son illər yüksək inkişaf tempini və Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı ölkədə həyata keçirilən hazırlıq işlərini əks etdirən videoçarx göstərilib.