Polşa Olimpiya Komitəsinin təşkilatçılığı ilə Varşavadakı Olimpiya Mərkəzində ötən ilin idman yekunlarına dair keçirilən tədbirdə Bakı-2015 ilk Avropa Oyunlarına həsr olunmuş film nümayiş etdirilib.
Ölkəmizi və Bakı-2015 ilk Avropa Oyunlarını təbliğ edən videoçarx tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Tədbirdə Polşa Olimpiya Komitəsinin sədri Andjey Kraşnitski, Seymin sədri Radoslav Sikorski, idman və turizm naziri Andjey Biernat, Azərbaycanın bu ölkədəki səfiri Həsən Həsənov, Varşavada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Polşanın Olimpiya və dünya çempionları, beynəlxalq yarışlarda uğur qazanan idmançılar iştirak ediblər.
A.Kraşnitski 2014-cü ildə ölkə idmançılarının əldə etdikləri nailiyyətlər haqqında məlumat verib, gələn il Polşa Olimpiya Komitəsinin qarşısında duran məqsədlərdən danışıb.