Bu il keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Bakı şəhərinin 2000-dən artıq sürücüsü geniş təlim məşğələlərindən faydalanacaq.
Bakı-2015-dən olimpnews.az-a verilən məlumata görə, Oyunların keçirildiyi dövrdə idmançıların, rəsmi şəxslərin və milli nümayəndə heyəti üzvlərinin daşınması üçün yeni avtobus, mikroavtobuslardan istifadə ediləcək.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi Azərbaycanın Nəqliyyat Nazirliyi və şəhərin avtobus şəbəkəsinin müasirləşdirilməsinə cavabdeh dövlət orqanı olan Bakı Avtobus Şirkəti ilə birlikdə sürücülərin nəqliyyat vasitələrini təhlükəsiz və səmərəli idarə etmələri üçün lazımi bacarıqlara yiyələnmələrinin təmin olunması istiqamətində iş aparır. Bu məqsədlə 800 avtobus sürücüsü daxil olmaqla, ümumilikdə 2100 iştirakçı gələcəkdə nəzəri məşğələlər, yeni nəqliyyat vasitələri ilə praktik tanışlıq, eləcə də Bakı-2015 Avropa Oyunlarının idman obyektləri və marşrutları ilə tanışlıqdan ibarət üç mərhələli kurs keçəcək. Oyunlar dövründə sürücülərin marşrutlarda rəsmi işə çıxmazdan əvvəl 15 günlük ixtisaslaşdırılmış təlim keçəcəkləri gözlənilir.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Şəhərin sürücülərinin təlim keçmələri Avropa Oyunları dövründə nəqliyyat xidmətlərinin fasiləsiz fəaliyyət göstərməsinə kömək edəcək. Həmçinin əhalinin gündəlik həyatında daimi irəliləyişə səbəb olacaq. Bakının peşəkar sürücülərindən bir çoxu geniş təcrübəyə malikdir. Onlar 2012-ci ildə keçirilmiş "Eurovision” mahnı müsabiqəsi kimi iri tədbirlər zamanı çalışıblar”.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin nəqliyyat şöbəsinin direktoru Panayotis Protopsaltis isə bildirib: "Bu təşəbbüs iri idman tədbirləri tarixində sürücülər üçün ən böyük təlim proqramıdır. Həmçinin paytaxt və ümumilikdə Azərbaycan üçün nəqliyyat sahəsində insan resurslarının və fiziki vasitələrin təmin edilməsi ilə əlaqədar Bakı-2015 Avropa Oyunlarının öhdəliklərinin bir hissəsidir. Ən yüksək dünya standartlarına uyğun inşa edilmiş yeni təlim mərkəzi Bakının yollarında təhlükəsizliyə və qabaqcıl təcrübənin tətbiqinə müsbət təsir göstərəcək”.
Təlim kursu sürücülərin öz bacarıqlarını təkmilləşdirmələri və Avropa Oyunları dövründə nəzərdə tutulan işlərdə fəal rol oynamağa hazır olmaları üçün mükəmməl fürsətdir. Bu, həm də Azərbaycanda peşəkar sürücülərin təkmilləşmə mərkəzinin əsasını qoyacaq.