Fransa mətbuatı: Bakı-2015 dünyanın idman həyatında mühüm hadisə olacaq

Fransa mətbuatı: Bakı-2015 dünyanın idman həyatında mühüm hadisə olacaq


Fransanın idman portalı Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqdan yazıb.
Məqalədə Bakının Avropa Oyunlarına ciddi hazırlaşdığı, təntənəli açılışa 147 gündən az müddət qaldığı qeyd olunur.
Portal Avropa Oyunlarının tərəfdaş şirkətləri haqqında da məlumat verib. Yanvarın 15-də Bakı-2015 Avropa Oyunları təşkilatçılarının "Coca-Cola” şirkəti ilə əməkdaşlığa dair yeni müqavilə bağlaması, bu Amerika şirkətinin Avropa Oyunlarının Təşkilat Komitəsi ilə birgə əməkdaşlığa dair müqavilə bağlayan yeddinci tərəfdaş olduğu diqqətə çatdırılıb.
"Coca-Cola”-dan əvvəl altı milli və beynəlxalq şirkətlə - "Azərbaycan Hava Yolları”, BP, "Nar Mobile”, PG, SOCAR və "Tissot” ilə artıq əməkdaşlıq baradə razılıq əldə edildiyi vurğulanan məqalədə bu şirkətlərin Avropa Oyunları ilə bağlı müxtəlif funksiyaları yerinə yetirəcəkləri qeyd olunub.
Portal qeyd edib ki, "Coca-Cola” şirkəti ilə əldə olunan müqaviləyə əsasən, şirkət idman tədbirləri zamanı tamaşaçıları sərinləşdirici içkilər və mineral sularla təmin edəcək, Azərbaycan bazarına Avropa Oyunlarının təsvir olunduğu məhsullar çıxaracaq.
Avropa Oyunlarının açılışından əvvəl və idman yarışlarının gedişi zamanı möhtəşəm mədəni tədbirlərin keçiriləcəyi xüsusi vurğulanan məqalədə səhnə ulduzlarının, 2012-ci ildə keçirilən "Eurovision” mahnı müsabiqəsi qaliblərinin və digər müğənnilərin çıxış edəcəkləri haqqında məlumat verilib.
Məqalədə həmçinin üzərində "Od qoruyucuları” sözləri yazılan qırmızı idman köynəyində 12 min 500 könüllünün yarışlarda iştirakı ilə bağlı müraciətlərin artıq təşkilat komitəsinə ünvanlandığı bildirilib.
Sonda Bakı-2015 Avropa Oyunlarının yalnız Odlar Yurdunun deyil, həm də dünyanın idman həyatında mühüm hadisə olacağı diqqətə çatdırılıb.