Hər dörd ildən bir təşkil edilən Olimpiya oyunları ilk dəfə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilib. Həmin ildən sonra bütün dünya idmançılarının böyük bayramına çevrilən Oyunlar xoş bir ənənə halını aldı və bu gün də bütün dünyanın diqqət mərkəzindədir.
Birinci Avropa Oyunları isə məhz vətənimizin paytaxtı Bakıya həvalə olunub. Təbii ki, bu da təsadüfi deyil. Azərbaycan artıq bir çox sahələr kimi, idmanda da öz kəsərli sözünü deyib, böyük uğurlar qazanıb. Əlbəttə, həmin nailiyyətlər dövlət başçısı İlham Əliyevin bədən tərbiyəsinə və idmana göstərdiyi yüksək diqqət və qayğı sayəsində mümkün olub.
İyunun12-dən 28-dək keçiriləcək Oyunlarda 49 ölkədən 6000-dən çox idmançı 20 idman növündə mübarizə aparacaq.
2012-ci ilin dekabrında ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərardan sonra Paytaxtımızda standartlara cavab verən idman obyektləri tikilməyə, rahat yollar çəkilməyə başlanıldı. Nəinki paytaxtımızda, o cümlədən bölgələrimizdə də yenidənqurma işləri görüldü. Axı xarici qonaqlar səfalı bölgələrimizi gəzmədən, Qəbələ, İsmayıllı, Qusar kimi turizm mərkəzlərimizdə olmadan evlərinə qayıtmaq istəməzlər.
Oyunların açılış və bağlanış mərasimləri tikintisi başa çatmaqda olan Olimpiya stadionunda keçiriləcək. Yarışlar isə "Crystal Hall”, Su İdman Sarayı, Tofiq Bəhramov adına Respublika Stadionu, Milli Gimnastika Arenası kimi bütün avadanlıqlarla təchiz olunmuş arenalarda keçiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarının birində Avropa oyunlarının yay Olimpiya oyunları səviyyəsində keçiriləcəyini demişdir. Görülən sürətli işlər, həyata keçirilən tədbirlər deyilənləri təsdiq edir.
İlk Avropa oyunları başa çatdıqdan sonra Azərbaycanın bütün dünyada nüfuzu daha da artacaq. Hamı uzun müddət məhz bu tarixi hadisədən danışacaq. Eyni zamanda, Avropa Oyunları yay Olimpiya oyunlarını keçirmək uğrunda mübarizədə Bakının imkanlarını daha da artıracaq.
Qeyd etdiyim kimi, Afina yay Olimpiya oyunlarının vətəni olduğu kimi, Bakı da ilk Avropa Oyunlarının keçirildiyi şəhər kimi tarixdə qalacaq. Hər dörd ildən sonra qitə oyunları müxtəlif ölkələrdə təşkil edilərkən mütləq ilk ev sahibi, Azərbaycanın adı xoş təəssüratlarla çəkiləcək.
Avropa oyunlarına beş aydan az qaldığı bir vaxtda ölkəmizdə hamı səbirsizliklə və böyük maraqla Avropa Oyunlarının açılış mərasimini gözləyir. Bu fikrin doğruluğuna əmin olmaq üçün təxminən üç-dörd gün əvvəl "Xalq qəzeti”nin əməkdaşı, əməkdar jurnalist, babam Oqtay Bayramovla, məktəbdə tarix müəllimim Fəyyaz Hüseynovla, sinif yoldaşlarım Xaliq və Rasimlə ətraflı söhbət etdim. Onlar Avropa Oyunlarını səbirsiliklə gözlədiklərini bildirdilər. Şübhəsiz ki, Avropa Oyunlarında ən böyük məsuliyyət idmançılarımızın üzərinə düşür. Onalar doğma azarkeşlər önündə uğurlu çıxışlar üçün daha böyük əzmlə məşq edirlər. Atletlərimizin bu oyunlarda Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyacaqlarına hər birimiz ürəkdən inanırıq.
Kənan NOVRUZOV,
Bakı şəhəri, 70 nömrəli orta məktəbin şagirdi