Fevralın 3-də Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) ilə "Azersun Holding” və "Bazarstore” supermarketlər şəbəkəsi arasında rəsmi dəstəkçi müqaviləsi imzalanıb.
"Fairmont Baku” mehmanxanasında təşkil olunan tədbirdə əvvəlcə Bakı-2015-ə hazırlıqla bağlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. Nazir bildirib ki, artıq Avropanın 47 ölkəsində yayımlanan televiziya kanalları ilə müqavilələr imzalanıb. Çox sevindirici haldır ki, Avropa Oyunları təkcə qitənin deyil, bütün dünyanın diqqət mərkəzindədir. Bugünkü müqavilə isə Avropa Oyunlarının ölkədə və xaricdə tanıdılması istiqamətində mühüm addım olacaqdır.
Nazir deyib ki, "Azersun Holding”in geniş bazara sahib olduğunu nəzərə alaraq Bakı-2015-in loqosunun həmin məhsulların üzərində həkk olunaraq, satışa çıxarılmasını təbliğatın bir hissəsi kimi qiymətləndirirəm.
Hər iki şirkətin milyonlarla azərbaycanlının həyatının bir parçasına çevrildiyini diqqətə çatdıran Azad Rəhimov müqavilələrin Avropa Oyunlarının inkişafını davam etdirməyə kömək edəcəyini vurğulayıb.
"Azersun Holding”in baş direktoru Savaş Uzan birinci Avropa Oyunlarının rəsmi dəstəkçiləri olduqları üçün qürur hissi keçirdiyini, çay içməyin ölkə mədəniyyətinin və Azərbaycan qonaqpərvərliyinin vacib bir hissəsi olduğunu bildirib. Qeyd edib ki, holdinqimiz özünün "Azərçay” brendi vasitəsilə Bakı-2015-in rəsmi çay tədarükçüsü, həmçinin çay məhsullarının təchizatçısı olacaq.
"Azersun Holding”in ölkəmizdə fəaliyyəti haqqında məlumat verən natiq əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağını və Şərqdə ilk demokratik ölkə olan Azərbaycanın bütün dünyaya nümunə göstərilə biləcək şəkildə təşkil edəcəyi Avropa Oyunlarının əhəmiyyətindən danışıb.
"Azersun Holding”in idarə heyətinin üzvü Tahir Gözəl ölkəmizdə idman sahəsində qazanılan uğurlar barədə danışıb. Bildirib ki, artıq Azərbaycanın irimiqyaslı tədbirlərin təşkil olunması istiqamətində böyük təcrübəsi var. "Eurovision-2012” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili Bakı-2015-in də yaddaqalan və möhtəşəm keçiriləcəyindən xəbər verir.
Tahir Gözəl qeyd edib ki, "Bazarstore” əhaliyə satış məqsədi ilə Bakı-2015-in bütün rəsmi məhsullarını istehsal etmək hüququna malikdir. Avropa Oyunlarının rəsmi supermarketi kimi "Bazarstore” həmin məhsulların satışını əsas mağazalarında, həmçinin müvəqqəti satış mərkəzlərində və Heydər Əliyev Beynəlxalq Aeroportundakı ticarət obyektlərində həyata keçirəcək. Bakı-2015-in brendi ölkəmizdəki bütün "Bazarstore” mağazalarında, şirkətin nəqliyyat vasitələrinin üzərində, mağazadaxili reklamlarda, işçilərin formalarında və müştərilər üçün bazar kisələrində, eləcə də reklam lövhələrində nümayiş olunacaq.
BAOƏK-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Bu sazişlər Azərbaycanın iki məşhur şirkətinin və "Azersun Holding”in çox sevilən brendi "Azərçay”ın Avropa Oyunlarına dəstəyi deməkdir. "Azersun Holding” və "Bazarstore”un komandamıza qoşulması ilə Bakı-2015-i insanların gündəlik həyatına gətirə biləcəyik”.
Sonra Azad Rəhimov, Savaş Uzan və Tahir Gözəl rəsmi dəstəkçi müqaviləsini imzalayıblar.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Bu müqavilənin bağlanması, "Bazarstore” və "Azersun”un "MacDonald’s Azərbaycan”, "Milla”, "Motorola Solutions”, "Sitecore” və "Tickethour” şirkətlərinə qoşulmaları ilə Bakı-2015 Avropa Oyunlarının 7 rəsmi dəstəkçisi olub. Bundan əlavə, "Azərbaycan Hava Yolları”, bp, "Coca-cola”, "Nar Mobile”, P&G, ARDNŞ və Tissot daxil olmaqla Bakı-2015-in yeddi rəsmi tərəfdaşı var.