Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsi İspaniya, Portuqaliya, Estoniya, Latviya və Sloveniyada birinci Avropa Oyunlarının yayımlanmasını təmin edəcək beş müqavilə imzalayıb.
Yeni müqavilələrə əsasən, İspaniyanın "RTVE”, Estoniyanın "ERR”, Latviyanın "LTV”, Sloveniyanın "RTV Slovenija” və Portuqaliyanın ödənişli "Sport TV” ictimai televiziya şirkətləri Avropa Oyunlarını hər gün və ya minimum saatlar çərçivəsində yayımlayacaq. Yeni sazişlərin imzalanması ilə Bakı-2015-i bir milyarddan çox tamaşaçının izləyə bilməsi təmin ediləcək.
Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin qitənin daha beş aparıcı televiziya şəbəkəsi ilə yayım sazişi imzalamasından və bununla da müqavilə bağlanmış ölkələrin sayının 47-yə çatmasından çox məmnunam. Bu yay keçiriləcək birinci Avropa Oyunlarını mümkün qədər çox insanın izləməsi bizim üçün vacibdir. Açılış mərasiminə 130 gün qalıb və yeni sazişlərin bağlanması məqsədimizə nail olmaq istiqamətində böyük addımdır”.
İspaniyanın "RTVE” kanalı Oyunlar müddətində yarışları geniş işıqlandırmaqdan əlavə, açılış və bağlanış mərasimlərini də birbaşa yayımlayacaq. Televiziya şəbəkəsində, həmçinin Avropa Oyunları ilə bağlı görülən hazırlıq işlərinə həsr edilən "Bakıya yol” (Road to Baku) proqramı da nümayiş olunacaq. "Sport TV” şirkəti isə əvvəlcədən təyin edilmiş və 24 saat fəaliyyət göstərən kanal vasitəsilə Portuqaliyada, eyni zamanda, Mozambikdə və Anqolada Oyunların yayımını təmin edəcək. "RTV Slovenija”, Latviyanın "LTV” və Estoniyanın "ERR” televiziya şirkətləri də Oyunların geniş işıqlandırılmasını öhdəliyə götürüblər.
Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib: "Bu sazişlər Avropada və onun hüdudlarından kənarda on milyonlarla tamaşaçının Oyunları izləməsinə imkan yaradacaq. 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarını da yayımlamaq hüququna sahib olan bu televiziya şirkətləri böyük çoxnövlü idman yarışlarının işıqlandırılmasında mühüm təcrübəyə malikdir. Bakı-2015-in Kommersiya şöbəsinin irəli sürdüyü təkliflərin əsas hissəsini yayım sazişlərinin bağlanması təşkil edib. Bu istiqamətdə işlərimizi davam etdirməyimizdən məmnunam. Bu, onu göstərir ki, qitədə yarışların nüfuzunu artırmağa davam edirik”.