Britaniyanın nüfuzlu "Economia” jurnalında bu il iyunun 12-dən 28-dək keçiriləcək Bakı-2015 birinci Avropa Oyunları ilə bağlı məqalə dərc olunub.
Məqalədə Prezident İlham Əliyevin Avropa Oyunlarının Azərbaycan üçün böyük məsuliyyət və çağırış olması, eyni zamanda, ölkəmizi təqdim etmək üçün imkan yaratması barədə fikirlərinə yer verilir. Həmçinin dövlətimizin başçısının Azərbaycanın bu Oyunları ən yüksək səviyyədə təşkil edəcəyi ilə bağlı fikirləri diqqətə çatdırılır.
Məlumat verilir ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında qəbul olunub. AOK-un layihəsi olan Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə keçiriləcək. Yarışlarda idmanın 20 növü (onlardan 16-sı Olimpiya, dördü isə qeyri-Olimpiya idman növüdür) üzrə 6 mindən çox idmançının iştirakı gözlənilir. Bakı-2015-də ənənəvi idman növləri olan atletika, gimnastika ilə yanaşı, basketbol (3x3), çimərlik futbolu və karate kimi yeni idman növləri də yer alacaq.
Yazıda, həmçinin Azərbaycanın 2012-ci ildə ev sahibliyi etdiyi "Eurovision” mahnı müsabiqəsi kimi mötəbər beynəlxalq tədbirlərin keçirilməsində qazandığı təcrübədən də ətraflı bəhs olunur. Qeyd edilir ki, Avropa Oyunları ərəfəsində Bakıda sürətli tikinti, abadlıq-quruculuq işləri aparılır, nəqliyyat infrastrukturu yenilənir. Paytaxtda yeni aerovağzal kompleksi istifadəyə verilib.
Jurnal yazır ki, Avropa Oyunlarına ev sahibliyi Azərbaycana gələcəkdə mötəbər idman yarışlarını keçirməyə imkan verəcək. Gələn il Bakıda keçiriləcək şahmat olimpiadası və "Formula-1” üzrə Avropa "Qran-pri” yarışları, 2017-ci ildə təşkil ediləcək IV İslam Həmrəyliyi Oyunları, "Avro-2020”-nin final mərhələsinin bir neçə qarşılaşması məhz bu yarışlardandır.