Fevralın 6-da "Fairmont Baku” mehmanxanasında Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirildi. Tədbirdə Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, AOK-un Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Bakı-2015 Birinci Avropa Oyunlarının Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq iştirak edirdilər.
Yüksək peşəkarlığa və qonaqpərvərliyə görə, Bakı-2015-in Təşkilat Komitəsinə minnətdarlığını bildirən Patrik Hikki qeyd etdi ki, könüllülərin və texniki işçilərin uniformalarının təqdim olunması, idman obyektlərində həyata keçirilən işlər, nəqliyyat sistemi sahəsində əldə edilən irəliləyişlər Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyindən xəbər verir. Davosda Bakı-2015-in təqdimatının təşkili və yarışlara olan böyük maraq bu mötəbər idman tədbirinin təkcə Azərbaycan deyil, bütün Avropa üçün əhəmiyyətli olmasının bariz nümunəsidir.
Avropa Oyunlarına hazırlığın yekun mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran AOK-un prezidenti bundan sonra komitə tərəfindən ölkəmizə kiçik rupların səfər edəcəyini və görülən işlərlə yaxından tanış olacaqlarını vurğuladı. Patrik Hikki yaxın günlərdə 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin adının açıqlanacağını da bildirdi.
AOK-un Əlaqələndirmə Komissiyasının Bakıda keçirilən beşinci iclasında maraqlı müzakirələr aparıldığını deyən komissiyanın sədri Spiros Kapralos Təşkilat Komitəsinin uğurlarından danışdı. 1400-dək peşəkarın birgə çalışdığı Bakı-2015 komandasının byük uğurlara imza atdığını dedi: "İnşa olunan və yenidən qurulan idman obyektlərində gördüklərimiz bizi yaxşı mənada təəccübləndirdi. Hazırda əsas diqqətimiz test yarışların təşkilinə yönəlib. Bakı-2015-in tarixdə ilk Avropa Oyunlarını keçirmək yolunda sürətlə irəliləyir. Oyunlara sayılı günlər qalır və tikinti ilə bağlı bütün işlər zamanında başa çatdırılıb. Bütün bunlar Bakının Avropa Oyunlarına vaxtında hazır olacağına əminlik yaradır.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakı-2015 üçün rekord müddətdə görülən işlərdən danışdı.
Nazir dedi: "Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminə dörd aydan artıq müddət qalır. Hələ görüləcək çox iş var və yaratdığımız iş dinamikası bir saniyə belə dayanmayacaq. Ölkəmizdə idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir ki, idmançılarımız beynəlxalq arenada uğurla çıxış edir, respublikamız irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Avropa Oyunlarından sonra Azərbaycan böyük bir irsə sahib olacaq ki, bu da növbəti uğurlara təkan verəcək.
Bakı-2015 Birinci Avropa Oyunlarının Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, Avropa Oyunlarının başlanmasına 126 gün qalır və biz hazırlıqların son mərhələsindəyik. AOK Koordinasiya Komissiyası üzvlərinin Bakıya səfəri onları əldə etdiyimiz irəliləyişlərlə tanış etmək və nailiyyətlərimizi nəzərdən keçirmək üçün əla fürsət oldu. Bakı-2015 Azərbaycan və Avropa üçün tarixi hadisəyə çevriləcək və bunun üçün biz öhdəliklərimizi bağlanış mərasimindən sonra axırıncı qonaq Bakını tərk edənədək davam etdirmək niyyətindəyik.
Tədbirdə, həmçinin Bakı-2015 Birinci Avropa Oyunları ilə bağlı videoçarx nümayiş olundu və jurnalistlərin sualları cavablandırıldı.