Bakı birinci Avropa Oyunlarına ev sahibliyi etməyə tam hazırdır

Bakı birinci Avropa Oyunlarına ev sahibliyi etməyə tam hazırdır



Avropa Oyunlarına hazırlıq plan üzrə gedir və idman infrastrukturunda olan irəliləyiş bizi çox sevindirir.
Bu barədə fevralın 6-da "Fairmont Baku” mehmanxanasında Bakı-2015 birinci Avropa Oyunları ilə bağlı keçirilən mətbuat konfransında Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki məlumat verib.
Yüksək peşəkarlığa və qonaqpərvərliyə görə, Bakı-2015-in Təşkilat Komitəsinə minnətdarlığını bildirən Patrik Hikki qeyd edib ki, könüllülərin və texniki işçilərin uniformalarının təqdim olunması, idman obyektlərində həyata keçirilən işlər, nəqliyyat sistemi sahəsində əldə edilən irəliləyişlər Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyindən xəbər verir. Davosda Bakı-2015-in təqdimatının təşkili və yarışlara olan böyük maraq bu mötəbər idman tədbirinin təkcə Azərbaycan deyil, bütün Avropa üçün əhəmiyyətli olmasının bariz nümunəsidir.
Avropa Oyunlarına hazırlığın yekun mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran AOK-un prezidenti bundan sonra komitə tərəfindən ölkəmizə kiçik qrupların səfər edəcəyini və görülən işlərlə yaxından tanış olacaqlarını vurğulayıb. Qeyd edib ki, yaxın günlərdə 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin adı açıqlanacaq.
AOK-un Əlaqələndirmə Komissiyasının Bakıda keçirilən beşinci iclasında maraqlı müzakirələr aparıldığını deyən komissiyanın sədri Spiros Kapralos Təşkilat Komitəsinin uğurlarından söhbət açıb. Diqqətə çatdırıb ki, 1400-dək peşəkarın birgə çalışdığı komanda böyük uğurlara imza atır: "İnşa olunan və yenidən qurulan idman obyektlərində gördüklərimiz bizi yaxşı mənada təəccübləndirdi. Hazırda əsas diqqətimiz test yarışların təşkilinə yönəlib”.
Spiros Kapralos deyib ki, Bakı-2015 tarixdə ilk Avropa Oyunlarını keçirmək yolunda sürətlə irəliləyir. Oyunlara sayılı günlər qalır və tikinti ilə bağlı bütün işlər zamanında başa çatdırılıb. Bütün bunlar Bakının Avropa Oyunlarına vaxtında hazır olacağına əminlik yaradır.
Bakıda keçirilən beşinci iclasda dəyərli fikirlərin səsləndirildiyini vurğulayan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakı-2015 üçün rekord müddətdə görülən işlərdən danışıb.
Nazir deyib: Bakı-2015 birinci Avropa Oyunlarının açılış mərasiminə dörd aydan bir az çox müddət qalır. Hələ görüləcək çox iş var və yaratdığımız iş dinamikası bir saniyə belə dayanmayacaq. Ölkəmizdə idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir ki, idmançılarımız beynəlxalq arenada uğurla çıxış edir, respublikamız irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Avropa Oyunlarından sonra Azərbaycan böyük bir irsə sahib olacaq ki, bu da növbəti uğurlara təkan verəcək.
Bakı-2015 birinci Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, Avropa Oyunlarının başlanmasına 126 gün qalır və biz hazırlıqların son mərhələsindəyik. AOK Koordinasiya Komissiyası üzvlərinin Bakıya səfəri onları əldə etdiyimiz irəliləyişlərlə tanış etmək və nailiyyətlərimizi nəzərdən keçirmək üçün əla fürsət oldu. Bakı-2015 Azərbaycan və Avropa üçün tarixi hadisəyə çevriləcək və bunun üçün biz öhdəliklərimizi bağlanış mərasimindən sonra axırıncı qonaq Bakını tərk edənədək davam etdirmək niyyətindəyik.
Tədbirdə, həmçinin Bakı-2015 birinci Avropa Oyunları ilə bağlı videoçarx nümayiş olunub və jurnalistlərin sualları cavablandırılıb.