Avropa Oyunlarının avarçəkmə yarışları Mingəçevirdə keçiriləcək

Avropa Oyunlarının avarçəkmə yarışları Mingəçevirdə keçiriləcək


"Mingəçevir” toponiminin necə yaranması barədə müxtəlif ehtimallar mövcuddur. Mərhum akademik Ziya Bünyadov "Mingəçevir” adını 839-cu ildə xilafətə qarşı çıxmış Babək üsyanını yatırmaq üçün Azərbaycana göndərilən ərəb sərkərdəsi Mingəçevir Əl-Fərqaninin adı ilə bağlayır.
Ehtimallardan biri də toponimin "Min, gəl, çevril” olmasıdır. Şəhər gözəl olsa da, burada yaşamaq qorxulu idi. Gur və sərt axan Kür çayı tez-tez məcrasından çıxaraq böyük tələfatlar törədirdi.
Mingəçevir şəhər kimi orta əsrlərdə daha da inkişaf edib. XVII əsr türk səyyahı Övliya Çələbi "Səyəhatnamə”sində Mingəçevir haqqında məlumat verərkən, onun Kür çayının sağ sahilində Boz dağın yaxınlığında yerləşən böyük yaşayış məntəqəsi kimi adını çəkir və burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq məhəllələri, mədrəsə və məscidlərin olduğundan xəbər verir.
Müasir Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınıb. 11 noyabr 1948-ci ildə şəhər statusu alıb. Bu gün isə şəhər Azərbaycanın həyatında mühüm rol oynayır.
Mingəçevir ərazisi yaşayış məntəqəsi kimi çox-çox qədimdir. 5 min il bundan əvvəl Mingəçevirdə kiçik şəhər kimi qaynar həyat mövcud olub. Yerli əhali əkinçilik, sənətkarlıq, balıqçılıq, atçılıq və s. sahələrlə məşğul olaraq özlərinin maddi və mənəvi aləmini yaradıb. Sonra gələn minilliklərdə, xüsusilə antik dövrdə də ulularımız özlərinin alban tarixi və mədəniyyətini, ədəbiyyatını yaradıblar. Bu baxımdan Mingəçevirdə tapılan maddi-mədəniyyət qalıqlarında alban yazıları və kitabə böyük əhəmiyyət daşıyır.
Əhalisi 98,8 min nəfərdən ibarət olan Mingəçevirlə Bakı arasındakı məsafə 333 km-dir. Bura əhalisinin sayına görə Azərbaycanda dördüncü şəhərdir. Şəhərin sahilində yerləşdiyi Kür çayı Bozdağdakı dar dərələrdən axaraq Kür-Araz ovalığına çıxır. Bu gün çayın ovalığının qarşısı hidroelektrik stansiyanın bəndi ilə kəsilmişdir. Ovalığın yerində susuz münbit torpaqların əsas hissəsinin suvarıldığı Mingəçevir su anbarı yaradılmış, keçmiş yol keçilməzliyinin yerində isə müxtəlif istiqamətlərdə rahat yollar salınmışdır. Mingəçevir şəhərində bir neçə idman sağlamlıq kompleksi, idmanın bir çox növləri üzrə bölmələr fəaliyyət göstərir. Şəhərdə 11 min yerlik stadion iki idman kompleksi, "Kür” Olimpiya Təlim-Tədris Mərkəzi gənclərin istifadəsinə verilib. Burada Dövlət Dram Teatrı, mədəniyyət və istirahət obyektləri, maraqlı arxitekturaya malik müasir binalar, o cümlədən Rəsm Qalereyası var.
Sidney Olimpiadasında boks üzrə bürünc medal qazanmış Vüqar Ələkbərov, sambo üzrə Avropa çempionu Ruslan Rüstəmov da Mingəçevir Politexnik İnstitutunun məzunlarıdır.
Şəhərdəki "Kür” Olimpiya Təlim-Tədris Mərkəzi avarçəkmə yarışlarının və bu növ üzrə təlim məşqlərin keçirildiyi əsas bazadır. Azərbaycan avarçəkənləri burada təşkil olunan bir sıra beynəlxalq və ölkədaxili yarışlarda uğurla çıxış ediblər.

Qeyd edək ki, akademik avarçəkmə idman növü 1900-cu ildən yay Olimpiya oyunlarının proqramına daxil edilib. Bu növ üzrə Azərbaycan çempionatı 1964-cü ildən keçirilir. Bu idman növü "Kür” idman mərkəzinin yaranmasından sonra fəal inkişaf etməyə başlamışdır. Yeri gəlmişkən deyək ki, "Kür” idman mərkəzi keçmiş SSRİ zamanında Azərbaycan İdman Komitəsinin təşəbbüsü ilə Mingəçevir şəhərində su idman növləri üzrə RYİUM, Hərbi-Dəniz Donanmasının Mərkəzi İdman Klubunun bazasında Olimpiya oyunlarına akademik avarçəkmə üzrə yüksək dərəcəli idmançıların hazırlanması məqsədi ilə yaradılmışdır. Mərkəzdə beynəlxalq yarışlarda, o cümlədən SSRİ, dünya və Olimpiya oyunlarında uğurla çıxış edən akademik avarçəkənlərin hazırlığının eksperimental metodlarının axtarışı həyata keçirilmişdir. Məlumat üçün bildirək ki, akademik avarçəkmə üzrə yarış kişilər və qadınlar üçün 2 km məsafədə, uzunsov, ensiz idman qayığında keçirilir.
Azərbaycanda gənclər avarçəkmə ilə ilk dəfə 1959-cu ilin iyul-avqust aylarında Bakıdakı Dənizkənarı Milli park ərazisində yerləşən "Neftçi” yaxt-klubunda məşğul olmağa başlayıblar. Elə həmin il respublikanın akademik avarçəkənləri SSRİ xalqlarının II spartakiadasında çıxış ediblər. Yarışda Azərbaycanı avarçəkmənin 12 idmançı təmsil edib. Avarçəkənlərdən Janna Məmmədova, dəfələrlə SSRİ və SSRİ xalqları spartakiadasının çempionu V.Preobrajenski, dünya çempionu İ.Vısotski, beynəlxalq turnirlərin qalibləri Basili Yakuşa, Viktor Pereverzev, Gennadi Kpyuçkin və Aleksandr Lukyanov spartakiada yarışlarında respublikamızı yüksək səviyyədə təmsil ediblər. Həmin dövrlərdə 9 avarçəkənimiz (Gennadi Kryüçkin, Pereverzev Pereverzev, İvan Vısotski, Vladimir Romanişin, Vasili Yakuşa, S.Kinyakin, M.Zotov, S.Frolov, S.Smirnov) SSRİ əməkdar idman ustası adına layiq görülmüşdür.
Olimpiya oyunlarının mükafatçılarını və dünya çempionlarını hazırlayan məşqçilərdən SSRİ və Azərbaycanın əməkdar məşqçiləri V.Yakuşa, V.Pereverzev, Q.Kryuçkin, SSRİ-nin əməkdar məşqçisi Oleq İvanov, Mixayıl Roskov, SSRİ xalqlarının spartakiadasının çempionu, Azərbaycanın əməkdar məşqçisi S.Məmmədov, D.Suvorov, K.Qurbanov, J.Məmmədova və başqaları respublikamızda bu idman növünün inkişafında müstəsna rol oynayıblar.
Azərbaycan müstəqillik qazandıqdan sonra bütün idman növləri, o cümlədən avarçəkmə geniş şəkildə inkişaf etməyə başlayıb. Təmsilçilərimiz beynəlxalq yarışlarda Avropa və dünya çempionatlarında dəfələrlə mükafatalayiq yerlər tutublar. Avarçəkənlərdən Aleksandr Aleksandrov, Aleksandr Qlotov, Aleksandr Jdanov, Cavid Əfəndiyev, İskra Angelova, İqor Xmara, Kamal Məmmədov, Maksim Prokopenko, Sergey Bezuqlı, Toğrul Qurbanzadə, Teymur Kutseba, Toni Boteva, Valentin Demyanenko, Viktoriya Çepikava və başqaları ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil ediblər.
London XXX Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Aleksandr Aleksandrov və Nataliya Mustafayeva mübarizəyə seçmə mərhələsindən başlayıblar. Akademik avarçəkənimiz Aleksandr Aleksandrov kişilərin yarışında 1 nəfərlik qayıqla (M1X) uğurla çıxış edərək 1/4 finala vəsiqə qazanıb. 2000 metr məsafəyə seçmə yürüşündə idmançımızın rəqibləri Lassi Karonen (İsveç), Anderson Noçetti (Braziliya), Matias Raymon (Monako), Ceyms Freyzer-Makkenzi (Zimbabve) və Pol Etia Ndumbe (Kamerun) olub. Aleksandr Aleksandrov yarışın ilk dəqiqələrindən təşəbbüsə yiyələnərək 500 metrlik hissəsini 1 dəqiqə 38,77 saniyə nəticə ilə 1-ci pillədə başa vurub. O, Pekin Olimpiadasının və 2011-ci ildə keçirilən dünya çempionatının finalçısı, 36 yaşlı isveçli avarçəkən Lassi Karoneni də geridə qoyub. Amma sonrakı bölümdə Karonen idmançımızı qabaqlayıb. İsvecli idmançı 1000 metrlik bölümü 3 dəqiqə 19,03 saniyəyə keçib və Aleksandrovu 0, 20 saniyə geridə qoyub. İsveçli avarçəkən 1500 metrlik bölümdə 5 dəqiqə 0,71 saniyə nəticə göstərərək, avarçəkənimizi 4,62 saniyə qabaqlayıb. Təmsilçimiz 1/4 finala çıxmaq üçün ilk "3-lük”dəki yerini qorumalı idi. Avarçəkənimiz son bölümdə mövqeyini qorumaq üçün mübarizə aparıb və buna nail olub. Nəticədə, Lassi Karonen 6 dəqiqə 45,42 saniyə nəticə ilə birinci, Aleksandr Aleksandrov 6 dəqiqə 49,81 saniyə göstərici ilə ikinci, finişə 6 dəqiqə 58,60 saniyəyə çatan monakolu Matias Raymon isə üçüncü yeri tutub. Hər üç avarçəkən birbaşa 1/4 finala çıxıb. 23 yaşınadək avarçəkənlər arasında Litvada keçirilmiş dünya çempionatının qalibi olmuş Aleksandr Aleksandrov final yürüşündə 7 dəqiqə 9 saniyə nəticə göstərib və bu nəticə ona mükafat qazandırmayıb. Ölkəmizin ilk dəfə təmsil olunduğu bu idman növündə Aleksandr beşinci yeri tutub.
1 nəfərlik qayıqla (W1X) çıxış edən 27 yaşlı qadın avarçəkənimiz Nataliya Mustafayeva da Olimpiya oyunlarında 1/4 finala vəsiqə qazanıb.
2000 metr məsafəyə seçmə yürüşdə N.Mustafayevanın rəqibləri Kamila Varqas Palomo (Salvador), Kim Krou (Avstraliya), Mayçin Tornikroft (Zimbabve), Yariulvis Kobas (Kuba) və Yeji Kim (Cənubi Koreya) olub. Avarçəkənimiz startdan finiş xəttinədək ikinci yerdə gedib. 500 metrlik hissəsini birinci keçən avstraliyalı Kim Krounun nəticəsi 1 dəqiqə 47,56 saniyə olub, Nataliya Mustafayeva ondan 2,93 saniyə geri qalıb. 1000 metrlik hissədə Krou 3 dəqiqə 42,86 saniyə göstərərək idmançımızı 5,65 saniyə qabaqlayıb. 1500 metrlik hissədə avstraliyalı 5 dəqiqə 41,78 saniyə, həmyerlimiz isə ondan 6,75 saniyə az nəticə göstərib. Yekunda isə Krou 7 dəqiqə 41,18 saniyə nəticə ilə birinci, Nataliya Mustafayeva 7 dəqiqə 46,01 saniyə göstərici ilə ikinci olub. Təmsilçimiz yarımfinalda II qrupda qüvvəsini sınayıb. O, 2000 m məsafəni 8 dəqiqə 6,83 sanyəyə qət edib və 6 idmançı arasında sonuncu yerlə kifayətlənib. Qaydaya görə, yalnız ilk "3-lüy”ə düşənlər finala yüksəliblər. Buna görə də, Nataliya finala çıxa bilməyib. O, olimpiadada
12-ci yeri tutub.


Mingəçevirin "mirvarisi”
Tikintisinə 2007-ci ildə başlanılan "Kür” Olimpiya Tədris-İdman Mərkəzində inzibati bina, 7 zolaqlı üzgüçülük hovuzu, zahiri görkəmi ilə gəmini xatırladan 6 mərtəbəli 250 yerlik dördulduzlu mehmanxana, 391 tamaşaçı yeri olan idman zalı, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anbar, hündürlüyü 40 metr olan yarışları müşahidə qülləsi vardır. Qüllədə müşahidə zalı, terras, jurnalistlər və hakimlər üçün otaqlar, kafe-bar və digər yardımçı otaqlar yerləşir. Bazanın ərazisində abadlıq işləri aparılıb və istirahət guşələri yaradılıb. Burada hər il "Prezident kuboku” beynəlxalq reqatası keçirilir.
Prezident İlham Əliyev 2004-cü ildə Mingəçevirə səfəri zamanı keçmiş "Kür” avarçəkmə bazasında da olmuş, onun ən müasir şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlarını vermişdi.
2009-cu il noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərində "Kür” Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Mingəçevir şəhərində "Kür” Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan üç milyon manat məbləğində vəsait ayrılıb.
2010-cu il oktyabrın 14-də "Kür” Olimpiya Tədris-İdman Mərkəzinin açılışı olub. Mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Sizi bu gözəl "Kür” Olimpiya İdman Bazasının açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bilirsiniz ki, bu bazanın çox böyük tarixi vardır. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə burada çox böyük quruculuq-abadlıq işləri aparılmışdır. Mingəçevir Sovet İttifaqının avarçəkmə mərkəzinə çevrilmişdi. Mingəçevirlilər o illəri yaxşı xatırlayırlar ki, burada müxtəlif yarışlar keçirilmişdir. Demək olar ki, bütün müttəfiq respublikalardan avarçəkənlər gəlmişlər, yəni şəhərin inkişafı üçün bu bazanın çox böyük əhəmiyyəti var idi.
Amma 1980-ci illərin sonlarından başlayaraq 1990-cı illərin sonlarına qədər biz, demək olar ki, buradan səmərəli şəkildə istifadə edə bilməmişdik. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində öz torpaqlarını itirmiş vətəndaşlarımız burada məskunlaşmışdılar. Mən 1990-cı illərdə buraya dəfələrlə gəlmiş, vəziyyətlə tanış olmuşdum. O vaxt Milli Olimpiya Komitəsinin prezidenti kimi çox istəyirdim ki, biz buranı yenidən bərpa edək və yüksək səviyyədə baza yaradaq. Ancaq o vaxt imkanlarımız məhdud idi. Biz, ilk növbədə o vaxt burada məskunlaşmış soydaşlarımızı köçürməli idik. Biz buna nail olduq, onları yaxşı şəraitlə təmin etdik. Ondan sonra layihələndirmə işləri aparılmışdır.
Nəhayət, üç il bundan əvvəl bazanın yenidən tikilməsinə başlanmışdır və bu gün həm dünya səviyyəli idman, həm də turizm mərkəzidir. Mən burada yaradılmış bütün obyektlərlə bu gün yaxından tanış oldum. Baxmayaraq burada dəfələrlə olmuşam, bir daha görürəm ki, bu bazada ən yüksək standartlar tətbiq edilib. Gözəl mehmanxana, trenajor zalları, üzgüçülük hovuzu yaradılıb, avarçəkmə üçün lazım olan bütün avadanlıq quraşdırılıb. Ümid edirəm ki, idmançılarımız, ilk növbədə bu imkanlardan səmərəli istifadə edəcəklər. Son illər ərzində avarçəkmədə görülmüş işlər və əslində, yaradılmış dönüş Azərbaycanın bu idman növündə də qabaqcıl yerlərə gətirib çıxarılmasına imkan yaradır. Bizim komanda - gənclərimiz, yeniyetmələrimiz - müxtəlif yarışlarda iştirak edirlər. Azərbaycan artıq idman dövlətidir, bunu hamı bilir. Amma idmanın avarçəkmə növü bizdə sovet dövründə də o qədər inkişaf etməmişdir. Bu gün isə, görürük ki, Azərbaycanda bu idman növü də inkişaf edir və nəinki infrastruktur, eyni zamanda, idmançıların peşəkarlığı artır. Xaricdən məşqçilər dəvət olunubdur. Əminəm ki, avarçəkənlərimiz Bakı-2015 Avropa Oyunlarında Azərbaycanı ləyaqətlə təmsil edəcəklər”.


Avarçəkmə Mərkəzi yüksək keyfiyyətli idman obyekti sayılır
Bakı-2015 Avropa Oyunlarının Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarına hazırlıqlar artıq başa çatmaq üzrədir. Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari isə Mingəçevirdəki "Kür” Olimpiya Tədris-İdman Kompleksinin Avarçəkmə Mərkəzinin yüksək keyfiyyətli bir idman obyekti olduğunu bildirib. Beynəlxalq standartlar əsasında inşa edilən bu idman kompleksinin region, eyni zamanda, bütün ölkə üçün uzun müddət fayda verəcəyini bildirən U. Lui-Mari qeyd edib ki, yarışlara 12 min, o cümlədən Mingəçevirdən 300 nəfər könüllü cəlb ediləcək. Könüllülər Oyunlar zamanı yüksək vəzifəli şəxslərin və idmançıların qarşılanması, idman yarışlarında çalışmaq, yaxud media üzvlərinə köməklik göstərmək kimi işləri icra edəcəklər.
Mingəçevirdəki Avarçəkmə Mərkəzində üç yarış günü ərzində 350 nəfər idmançı qızıl medal uğrunda yarışacaq. Ümumilikdə, 12 baydarka yarışı (kişilər və qadınlar arasında) və üç kanoe sprinti (yalnız kişilər arasında) keçiriləcək.
Məlumat üçün bildirək ki, Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) 2006-cı ilin dekabrın 9-da yaradılıb. Federasiyanın prezidenti Elçin Zeynalovdur. 2007-ci ilin fevral ayından Milli Avarçəkmə Federasiyası iki beynəlxalq federasiyanın - Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) və Beynəlxalq Kanoe Federasiyasının (İCF) tamhüquqlu üzvüdür.