Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm obyektlərinin yanğın təhlükəsizliyi ilə bağlı keçirdiyi qabaqlayıcı tədbirlər çərçivəsində "Mehmanxana və ictimai iaşə müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda seminar keçirib.
Binəqədi rayonunda "Mehmanxana və ictimai iaşə müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda təşkil olunan seminarda
2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar tikilməkdə olan və ya hazırda istismar edilən mədəniyyət və turizm obyektlərinin yanğın təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması, aşkar edilmiş nöqsanların vaxtında aradan qaldırılması istiqamətində FHN-in həyata keçirdiyi məqsədyönlü işlər haqqında məlumat verilib.
Qeyd edilib ki, qarşıdan gələn böyük idman tədbirində yanğın təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması üçün bütün zəruri işlər görülür.
Seminarda "Mehmanxanaların və ictimai iaşə müəssisələrinin yanğın təhlükəsizliyinin təmin olunmasında başlıca vəzifələr”, "Yanğın və yanğınların söndürülməsi zamanı obyektlərin üzərinə düşən vəzifələr”, "Yanğın təhlükəsizliyi - vəzifələr və hüquqi məsuliyyət” mövzusunda mühazirələr dinlənilib.
Sonra "Mehmanxanalarda yanğın təhlükəsizliyi qaydaları” adlı slayd nümayiş olunub, yanğın təhlükəsizliyi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Həmçinin mehmanxana və ictimai iaşə müəssisələrinin işçilərinə yanğın təhlükəsizliyinə zidd halların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Seminarda yanğına qarşı təbliğat işində metodik vəsait kimi istifadə olunması üçün "Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası paylanılıb.