Fevralın 11-də Avropa Oyunları Əməliyyat Komitəsi britaniyalı taekvondoçu Ceyd Consun Bakı-2015-in beynəlxalq idman elçisi olacağını elan edib.
Ceyd Cons 2012-ci il XXX London Yay Olimpiya Oyunlarında 57 kiloqram çəki dərəcəsində Böyük Britaniyanın taekvondo üzrə qızıl medal qazanmış ilk idmançısı olub. O, həmçinin 2011-ci ildə Koreya Respublikasının Cyoncu şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında gümüş medal qazanıb. İdmançı növbəti gümüş medala isə keçən ilin mayında Bakıda keçirilən taekvondo üzrə Avropa çempionatında layiq görülüb. Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə deyib: "Belə məşhur Olimpiya çempionunun Bakı-2015-in elçisi olması ilk Avropa Oyunları üçün böyük nailiyyətdir. Bu, yüksək səviyyəli peşəkar idmançıların Oyunlara cəlb ediləcəyinə sübutdur. Əminəm ki, Ceyd Cons beynəlxalq idman elçisi kimi, Avropa Oyunlarını Böyük Britaniyada uğurla təbliğ edəcək. Biz onun bu yay Bakıda keçiriləcək Avropa Oyunlarında müvəffəqiyyətlə çıxış edəcəyinə ümid bəsləyirik”.
İyirmi yaşlı Ceyd Cons isə bununla əlaqədar bildirib: "Bakı-2015 Avropa Oyunlarının idman elçisi adına layiq görüldüyümə görə çox şadam. Avropa Oyunlarını təbliğ etmək mənim üçün böyük şərəfdir. Qitənin çoxnövlü idman yarışlarının keçirilməsi avropalı atletlər üçün çox vacibdir. Əsas hədəfim taekvondo üzrə birinci Avropa Oyunlarının çempionu olmaqdır”.
Britaniya Olimpiya Assosiasiyasının Bakı-2015-ə qatılacaq nümayəndə heyətinin rəhbəri Mark Enqland qeyd edib: "Ceyd Consun Bakı-2015-in beynəlxalq idman elçisi olması britaniyalı idmançıların Avropa Oyunlarına həvəsini əks etdirir. Britaniyanın çox güclü idman ənənəsi var. İdman elçisi proqramı qarşıdan gələn Avropa Oyunları barədə ölkədə maraq və həyəcan yaratmağa kömək edəcək”.
Ceyd Cons Bakı-2015-ilk Avropa Oyunlarının idman elçiləri seçilmiş fransalı bədii gimnast Kseniya Mustafayeva, danimarkalı kanoe sprintçi Rene Holten Poulsen və Serbiyanın basketbol 3x3 komandasının üzvləri Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Dejan Majstoroviçə qoşulur. Oyunların digər idman elçilərinin adları yaxın vaxtda açıqlanacaq.
Bakı-2015-in beynəlxalq elçiləri öz idman növlərini təmsil və ilk Avropa Oyunlarını təbliğ etmək üçün bütün qitədə, o cümlədən mediada həyata keçirilən geniş marketinq kampaniyalarına qatılacaqlar.