“The Washington Post” qəzetində birinci Avropa Oyunları ilə bağlı məqalə dərc edilib

“The Washington Post” qəzetində birinci Avropa Oyunları ilə bağlı məqalə dərc edilib


"Təşkilatçılar: Biz Avropa Oyunlarına şübhə ilə yanaşanlara sübut etdik ki, onlar yanılırlar” sərlövhəli məqalədə bu il iyunun 12-28-də Bakının birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyi diqqətə çatdırılıb. Yazıda Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkinin bu fikirlərinə yer verilib: "Altı-yeddi ay əvvəl bu Oyunların texniki əsaslandırılmasını həyata keçirmək üçün icazə alanda bir çoxları buna inamsız yanaşırdılar. Lakin biz buna nail olduq və artıq son mərhələdəyik. Beləliklə, biz bu Oyunların keçirilməsinin vacibliyinə skeptik yanaşanlara yanıldıqlarını sübut edə bildik”.
Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin isə aşağıdakı fikirləri oxucuların diqqətinə çatdırılıb: "Başlanğıcda bu Oyunların baş tutacağı ilə bağlı şübhələr var idi. Lakin indi Avropanın 50-dən çox Milli Olimpiya Komitəsi bu tədbirə ruh yüksəkliyi ilə baxır. Bu gün də ilk Avropa Oyunları ilə bağlı bəzi bədbinlər var. Lakin onlar bu yarışların miqyasının necə geniş olacağını gördükdən sonra səhv etdiklərini anlayacaqlar”.
Yazıda diqqətə çatdırılır ki, 50 ölkədən 6 mindən çox atlet idmanın 20 növü üzrə 253 dəst medal uğrunda mübarizə aparacaq. İdman növlərindən 11-i üzrə 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı olacaq.
Məqalədə Patrik Hikkinin Bakıda yerli jurnalistlər üçün təşkil olunan mətbuat konfransında söylədiyi bu fikirlər də əksini tapıb: "Bu işə başlayanda çox az vaxtımızın olduğunu bilirdik. Ancaq bu imkanı əldə etdiyimiz üçün çox məmnunuq. Əvvəlcə Oyunların idmanın 10 növü üzrə keçirilməsi nəzərdə tutulurdu. Lakin biz idman növlərinin sayını 20-yə çatdırdıq”.
Yazıda Patrik Hikkinin Avropa Olimpiya Komitəsinin 2019-cu ildə keçiriləcək növbəti Avropa Oyunlarına ev sahibliyi etmək istəyən altı şəhərlə danışıqlar apardığını, bu barədə qərarın ən tez gələn həftə, ən gec isə may ayına qədər açıqlanacağını söylədiyi də bildirilir.
Yazıda AOK Əlaqələndirmə Komitəsinin sədri Spiros Kapralosun da Bakı-2015 Oyunları ilə bağlı fikirlərinə yer verilir: "İnanırıq ki, bu Oyunlar böyük uğurla keçəcək və Azərbaycan dünyada mühüm idman tədbirlərinin təşkilatçısı kimi tanınacaq”.
Müəllif vurğulayır ki, Azərbaycan Avropa Oyunlarının Bakının 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün bir tramplin olacağına inanır.
Məqalədə Saymon Kleqə istinadla bildirilir ki, Oyunların gündəlik ən azı 5 saat olmaqla Avropanın 33 ölkəsində yayımlanması üçün televiziya kanalları ilə razılıq əldə edilib. Yaxın vaxtlarda ABŞ ilə də belə bir razılıq əldə oluna bilər.
Diqqətə çatdırılır ki, Patrik Hikki Oyunların keçirildiyi müddətdə Olimpiya Nizamnaməsinin bütün prinsiplərinə ən yüksək səviyyədə riayət olunacağını əminliklə bildirib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, Azərbaycan hətta qonşu Ermənistandan da idmançıları qəbul edəcək. Patrik Hikkinin sözlərinə görə, bu yaxınlarda Ermənistanda olarkən o, erməni idmançılarını əmin edib ki, onlar Bakıda heç bir problemlə üzləşməyəcəklər, atletlərə hörmətlə yanaşılacaq.