Mixail Çesalinin "Min bir gecə. Bakı Avropa Oyunlarına necə hazırlaşır” sərlövhəli məqaləsi championat.com saytında dərc edilib.
Müəllif yazır ki, "Alov qüllələri” və bənövşəyi rəngli taksiləri ilə yenilənmiş Bakı tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarının iştirakçılarını qəbul etməyə hazırlaşır.
Avropa Oyunlarının tarixindən danışan M.Çesalin qeyd edir ki, çoxları bu böyük idman tədbirinə qısa müddətdə hazırlığın mümkünlüyünə şübhə ilə yanaşırdılar. Müəllif yazır: "Bütün şübhələr arxada qaldı. Avropa Oyunlarının başlanmasına dörd ay qalsa da, Bakı praktiki olaraq ona hazırdır. Heç kim şübhə etmir ki, azərbaycanlılar hər şeyi vaxtında çatdıracaqlar”.
Müəllif Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun fikirlərindən də sitat gətirib. A.Rəhimov ölkədə qısa müddətə böyük işlər görüldüyünü vurğulayaraq deyib: "Qalan müddətdə görəcəyimiz işlər çoxdur, lakin başladığımız prosesi dayandırmaq olmaz. Birinci Avropa Oyunlarının idman bayramına, qitədə dostluğun rəmzinə çevrilməsi üçün gücümüzü əsirgəməyəcəyik. Yeri gəlmişkən, dostluqdan danışılırsa, qeyd etmək lazımdır ki, Bakıya Ermənistandan da nümayəndə heyəti gələcək. İndiki halda idman siyasətdən kənardır”.
Məqalədə bildirilir ki, əgər Avropa Oyunlarının Bakıda keçiriləcəyini bilmədən buraya yolun düşərsə, təxminən beş dəqiqədən sonra bu möhtəşəm tədbirə hazırlığı şəhərin ruhundan duymaq olar. Qonaqları aeroportda yarışın rəsmi rəmzi qarşılayır. Bu rəmz nəqliyyatda, o cümlədən avtobuslarda və taksilərdə daha çoxdur. Xüsusi saatların - geri sayım sayğaclarının quraşdırılması da belə möhtəşəm yarışların xoş ənənəsinə çevrilib. Şübhəsiz ki, "Alov qüllələri”nin gecələr saçdığı şölələr də yaxınlaşmaqda olan yarışları unutmağa qoymur.
Avropa Oyunlarında idman obyektləri və infrastrukturun vacib amil olduğunu yazan müəllifi bildirir ki, Bakıda həqiqətən də miqyaslı işlər görülüb. Qeyd edilir ki, şəhərdə tikinti kranlarına, tikinti meydançalarında isə yeni obyektlərin ətrafında özüboşaldan maşınlar və ekskavatorlara ara-sıra rast gəlinsə də, faktiki olaraq çox az iş qalıb. Milli Stadion artıq var qüvvə ilə açılış mərasiminə hazırlaşır, Su İdmanı Sarayında hovuz su ilə doldurulub, heyrətamiz atıcılıq kompleksinin dəhlizlərində isə bəzi yerlərdə artıq güllər düzülüb. Dəniz idman növləri və 3x3 basketbol üzrə yarışların keçiriləcəyi kompleksdə metal konstruksiyalar hələ ki, gözə dəysə də inşaatçıların burada çox qalmayacaqlarına şübhə yoxdur. Məsələn, Avropa Oyunları üçün yenilənmiş Heydər Əliyev adına Arena tamaşaçıları və atletləri qəbul etməyə tam hazırdır.
Məqalədə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Saymon Kleqin sözlərindən də sitat gətirilib: "Əminik ki, bu möhtəşəm idman tədbirini ən yüksək səviyyədə keçirəcəyik. Bağlanış mərasimində isə sonuncu qonaq bizi tərk etməyənədək yüksək səviyyəni saxlayacağıq”. Bu əminliyə ciddi əsas olduğunu deyən müəllif yazır: "Avropa Oyunlarına hazırlıq işləri, demək olar ki, başa çatıb, azərbaycanlıların qonaqpərvərliyi isə hamıya məlumdur”.