Serbiyalı basketbolçular Avropa Oyunlarının ilk çempionu olmağı hədəf seçiblər

Serbiyalı basketbolçular Avropa Oyunlarının ilk çempionu olmağı hədəf seçiblər


Basketbol 3x3 Olimpiya idman növlərinə daxil deyil. İdmanın bu növü ilk dəfə olaraq birinci Avropa Oyunlarında Azərbaycanda oynanılacaq.
Basketbol 3x3 üzrə Serbiya millisi uğurlu nəticələri ilə dünyanın ən güclü komandalarındandır. Serbiya millisinin əsas hədəfi Bakı-2015 birinci Avropa Oyunlarında qızıl medal qazanmaqdır.
İdmanın bu növü üzrə ən güclülərdən hesab olunan serb basketbolçu Marko Zdero hələ uşaq ikən Belqrad və Novi Sad şəhərlərində keçirilən yarışlarda iştirak etməyə başlayıb. Boyu 190 santimetr olan idmançı 1985-ci il martın 14-də Serbiyada doğulub. Onun ən yaddaqalan uğuru 2012-ci ildə keçirilmiş ilk rəsmi dünya çempionatının qalibi olmasıdır.
İki il ərzində yaxşı nəticələr göstərərək basketbol 3x3 üzrə dünyada ən yüksək pillələrdə qərarlaşdıqlarını vurğulayan M.Zdero komandasının qarşısında duran əsas məqsədin bu yeri qoruyub saxlamaq olduğunu bildirib. O deyib ki, birinci Avropa Oyunlarında yarışmağımız və iştirakçı olmaq çox gözəl şansdır. Çünki bu, ilk Avropa Oyunlarıdır.
Basketbol 3x3 üzrə Serbiya yığmasının digər üzvü Marko Saviç isə 2012-ci ildən idmanın bu növü ilə məşğul olmağa başlayıb. Lakin buna baxmayaraq, onun komandası oyunlarda yüksək nəticələr göstərməyə nail olub. O, Afinada keçirilmiş dünya çempionatının final mərhələsində Fransa komandası ilə qarşılaşmanın ən çox yaddaqalan oyun olduğunu deyib. M.Saviç qeyd edib ki, hesabda geri olsalar da, son iki dəqiqə ərzində inamlı oyunu ilə komandasına qələbə qazandıra bilib.
1987-ci il iyunun 2-də anadan olan basketbolçunun boyu 198 santimetrdir. O, qazandığı uğurlara görə valideynlərinə borclu olduğunu, çünki ən vacib qərarlarında onların dəstəyini hiss etdiyini söyləyib.
Serbiya millisinin digər idmançısı yaşı 26, boyu isə 2 metr olan Deyan Maystoroviçdir. Onun ən böyük uğuru Yaponiyanın Senday şəhərində basketbol 3x3 üzrə keçirilən dünya çempionatının qalibi olmasıdır. Moskvada keçirilən dünya kubokunun yarımfinalında Rusiya millisinə qarşı oyunda səbətdən beş dəfə üç xallıq top keçirdiyinə görə həmin oyunu özü üçün ən yaddaqalan qarşılaşma kimi dəyərləndirir.
Serbiya milli komandasının daha bir üzvü isə 2012-ci və 2014-cü illərdə keçirilən dünya çempionatlarının iştirakçısı Dusan Bulutdur. Məşq zamanı sahədə daha çox qalmağa çalışdığını vurğulayan D.Bulut ölkəsində idmanın bu növünün kifayət qədər sevildiyini bildirib. 1985-ci il oktyabrın 23-də Serbiyada anadan olan 191 santimetr boyundakı basketbolçu idmanın xizəksürmə və snoubord növləri ilə də məşğul olduğunu qeyd edib.
Bakı-2015 birinci Avropa Oyunlarında dörd gün ərzində keçiriləcək basketbol 3x3 yarışlarında 32 komandanın tərkibində 128 idmançı mübarizə aparacaq.